18 Oktyabr 2022 12:59
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədovun vəkilləri bir sıra vəsatətlər veriblər.

Vəsatətlərdən biri Rasim Məmmədovun isveçrəli müdafiəçiləri və bu məhkəmə prosesindən kənarlandırılan vəkil Elçin Sadıqov haqda olub:

“Xahiş edirik, beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, Rasim Məmmədovun xaricdən gələn vəkilləri bu prosesə müdafiəçi qismində buraxılsın. Onların Rasim Məmmədovla konfidensial görüşməsinə imkan yaradılsın. Biz bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, Vəkillər Kollegiyasına və başqa qurumlara müraciət etmişik. Xahiş edirik, bu məsələ beynəlxalq çərçivədə həllini tapana qədər məhkəmə təxirə salınsın.

Eyni zamanda, Elçin Sadıqovun da bu prosesdən kənarlaşdırılmasını qanunsuz hesab edirik, onun müdafiə prosesinə buraxılmasını istəyirik”.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, Elçin Sadıqovla bağlı artıq qərar qəbul edilib. Əcnəbi vəkillərə gəldikdə hakim deyib ki, Azərbaycanda yalnız bu ölkədə vəkillik fəaliyyəti həyata keçirmək səlahiyyəti olan şəxslər müdafiəçi qismində iştirak edə bilər və buna səlahiyyət verən sənəd məhkəməyə təqdim olunmalıdır.

Müdafiə tərəfinin daha bir vəsatəti isə prosesin audio-video yazısına icazə verilməsi haqda olub.

Vəkil bildirib ki, bir sıra hallarda məhkəmə iclaslarında baş verənlər protokollarda əksini tapmır, yaxud təhrif olunur.

Vəkillər Rasim Məmmədovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi barədə də vəsatət qaldırıblar.

Bu vəsatətlərə bağlı isə hakim deyib ki, eyni məsələlər məhkəmənin hazırlıq iclasında da qaldırılıb və həmin vaxt onlara münasibət bildirilib.

Daha sonra ifadə verən Rasim Məmmədovun dostu və iş ortağı Yusif Hənifəzadə bildirib ki, Rasim Məmmədovun “Baku Steel Company”ni öz pulu ilə alması, gəlirləri “yuxarılara” çatdırması haqda səsləndirdiyi iddialar həqiqətə uyğun deyil. Rasim Məmmədov isə deyib ki, Yusif Hənifəzadənin bu dedikləri öz fikirləri deyil, ona belə danışmaq barədə göstəriş verilib.

Onun sözlərinə görə, Yusif Hənifəzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində, Daxili İşlər Nazirliyində araşdırmalar gedir və bu səbəbdən verilən göstərişi yerinə yetirir.

Yusif Hənifəzadə deyib ki, “Baku Steel Company”nin Rasim Məmmədovdan əvvəlki rəhbərliyi milliyyətcə yəhudi olan iş adamları idi. Onların dövründə baş direktor olan Devid də “Baku Steel Company”ə “Bakcell”dən gedibmiş: “Devidə dedim, payçıları (Maşkeyeviç və Beni) yola gətirsin, oranı alaq. Yəhudi iş adamları da buradan getmək istəyirdilər. Beni 25 faizlik payını 15 milyona satdı. Maşkeyeviç satmaq istəmirdi, onu da yola gətirdi. O da özünün 25 faizlik payını satdı. 50 faiz də əvvəldən “Politon” şirkətinə satılmışdı. Necə oldusa, Rasim Müşahidə Şurasının sədri oldu”.

Yusif Hənifəzadə deyib ki, Rasim Məmmədov böyük pullar qazanmağa başlayandan sonra çox dəyişib, hətta onun telefonlarına cavab verməməyə başlayıb. Onun sözlərinə görə, Rasim Məmmədov həm ölkə daxilində, həm də xaricdə müxtəlif şirkətlər yaradır, zavodlar alırdı: “Həmin şirkətlərin hamısı pulyuma vasitəsi idi. O şirkətlərə “Baku Steel”in armaturlarını ucuz verirdi, onlar da üstünə marja qoyaraq satırdı. Bir şirkətin dövriyyəsi şişən kimi başqasını yaradırdı. 2016-2017-ci illərdə Aktauda zavod tikirdi. “Baku Steel”in kassasında 39-40 milyon borc yaranmışdı, maaşları, işıqpulunu verə bilmirdi”.

Yusif Hənifəzadə Rasim Məmmədovu həm də “Araz” kinoteatrı məsələsində onu aldatmaqda suçlayıb. O, deyib ki, 2011-ci ildə kinoteatrın binasının satılması məsələsi ortaya çıxanda Rasim Məmmədov ona binanı şərikli almağı təklif edib: “Söz verdi ki, əmlak mənim adıma olacaq. 3.5 milyon pul verdim. 3 ay sonra gördüm ki, atasının adına alıb”.

Rasim Məmmədov isə Yusif Hənifəzadənin həqiqətləri bilə-bilə yalan danışdığını bildirib. Onun sözlərinə görə, zavodun maliyyə direktoru Mübariz Səmədov əvvəllər “Bakcell”də Yusif Hənifəzadənin işçisi olub, indi də yaxın münasibətləri var.

Rasim Məmmədov bildirib ki, məhz Mübariz Səmədovun istintaqa təqdim etdiyi flaşkartda “Baku Steel Company”nin nə qədər gəlirləri olduğu, nə qədəri kimə verildiyi açıq şəkildə əksini tapıb: “Sən öz sözünü demirsən, sənə öyrədiləni danışırsan. Təqsir məndədir ki, sizin kimilərlə işləmişəm. Vaxtilə mən bu şəxsi Eldar Mahmudovdan (sabiq milli təhlükəsizliyi naziri) canını qurtaranda belə danışmırdı. Mübarizinin qeydləri və təqdim etdiyi flaşkarta baxanda görünür ki, “Baku Steel Company”nin gəlirlərindən mənə cəmi 15 milyon çatıb”.

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər