18 Oktyabr 2022 15:55
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçaqmalçılıqda təqsirləndirilən Qazaxıstan vətəndaşı Ağamoğlan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında Qazaxıstan Respublikasında əldə etdiyi 9 flakonda 45 qram alium permanqanatı əl çantasına yerləşdirib.

O, aprelin 18-də Qazaxıstandan “Dağıstan” gəmisi vasitəsilə sərnişin qismində Azərbaycana gəlib.

Həmin gün saat 14.00-da Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda saxlanılıb.

İstintaq və məhkəmə dövründə onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Qaradağ rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən iclasda Ağamoğlan Həsənov ifadə verib. O bildirib ki, Masallı rayonunun Viləş (keçmiş Kalinovka) kəndində anadan olub, orta təhsilini həmin kənd məktəbində Azərbaycan dilində alıb: “Ali təhsilim olmyıb. Xalam qızı Şərqiyə Həsənova ailə həyatı qurduqdan sonra 1987-ci ildən Qazaxıstan Respublikasına köçdüm. Həmin tarixdən ailəmlə birlikdə orada yaşayıram. Rantıy və Ramina adında iki övladım var. Qazaxıstanda şəhərlərarası sərnişin avtobusunda sürücü kimi çalışıram”.

Təqsirləndirilən şəxs deyib ki, bir il öncə Masallı rayonu Viləş kəndində yaşayan xalası oğlu dünyasını dəyişib: “Yas mərasimində Azərbaycana gələ bilmədim. Həm mərhumun ildönümündə iştirak etmək, həm də ailəvi səbəblərlə Azərbaycana gəlməyi planlaşdırdırdıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Qazaxıstanda olarkən 2022-ci ilin aprelində dəqiq yadında qalmayan tarixdə aptekdən arvadı Şərqiyə şəkərli diabet və onkoloji xəstə olduğu üçün təqribən 1350 tenge (Qazaxıstan pul vahidi), yəni 7 manat dəyərində 9 qutu “Kalium Permanqanat” (marqans), validol, insulin iynəsi və təzyiq dərmanı olan tabletlər alıb:

“Bundan sonra arvadım və oğlum Rantıyla birlikdə Qazaxıstandan Azərbaycana gəldik. Arvadım üçün dərmanları aptekdən həmişə özüm almışam. Qeyd olunan dərmanları aldıqdan sonra Azərbaycana yola düşməzdən əvvəl öz əl çantama qoyub bağladım. Amma bu barədə nə oğlum Rantıya, nə də arvadım Şərqiyəyə bir söz demədim. Çantama marqans qoymağımdan ailə üzvlərimin xəbəri olmayıb”.

Ağamoğlan Həsənovun sözlərinə görə, “Beynəlxalq Dəniz Ticarət Limanı”nda sərhəd nəzarətini keçəndən sonra gömrük nəzarəti zonasında əl yükünü rentgen cihazına qoymadan öncə gömrük əməkdaşları onlara əl yükündə gömrük orqanına təqdim edilməli, artıq miqdarda içki, siqaret, dərman preparatları, xüsusilə kalium permanqanat və sair əşyaların olub-olmadığını soruşublar:

“Onlara bəyan ediləcək hər hansı bir şeyin olmadığını bildirdim. Daha sonra gömrük əməkdaşının tələbi ilə əl baqajları rentgen cihazına yerləşdirdik. Cihaz işə düşdükdən qısa müddət sonra gömrük əməkdaşı təkrarən eyni sualı verdilər. Çamadanlarda bəyan ediləcək hər hansı əşyanın olub-olmadığını soruşdular. Yadıma düşdüyü üçün kalium permanqanatın olduğunu dedim. Sonradan rentgen cihazını idarə edən gömrük əməkdaşı başqa bir gömrük əməkdaşını çağırdı. Mənə aid olan çamadana baxış keçirdilər. Çamadanda 9 ədəd plastmas qutuda olan kalium permanqanat aşkar edildi”.

Ağamoğlan Həsəmov 3 min manat miqdarında cərimə edilib.


Müəllif: Hacı Zeynalov