Xalq artisti Alim Qasımovun həbs edilən kürəkəni Elnur Mövlamov məhkəmə qərarından kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Elnur Mövlamov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 8 ilə endirilib.
İstintaq orqanı tərəfindən Elnur Mövlamovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham elan edilib.
Hökmdə qeyd edilib ki, Elnur Mövlamov zərərçəkmişlərdən biri Rəşadət Fərzəliyevə dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq olub. Elnur Mövlamov isə Rəşadət Fərzəliyevlə barışdığı üçün ona Cinayət Məcəlləsinin 180.2.4 maddəsi ilə ittiham elan olunmasını düzgün saymayıb. O, yalnız 178.3.2 maddəsi ilə özünü qismən təqsirli bilib.
Digər zərərçəkmiş, Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova olub. Hökmdə qeyd olunub ki, Tamilla Aslanovaya dəymiş 51620 manat ziyanla bağlı mülki iddia təmin edilib.
Həmçinin Elnur Mövlanovun cinayət işi üzrə Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Fərqanə Qasımova zərərçəkmiş qismində tanınıb. O, Alim Qasımovun qızı və xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını ələ keçirməkdə ittiham olunub.
Xatırladaq ki, Fərqanə Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.