21 Oktyabr 2022 11:05
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq etməkdə ittiham olunan "Murov TSK" MMC-nın kadrlar şöbəsinin müdiri işləmiş 1988-ci il təvəllüdlü Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid Sevinc Xəlilibadi ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, Nelli Fabriçnayanı yaxın rəfiqəsi Mehriban Atakişiyevaya görə tanıyıb: "Mehriban Nellinin mənə xeyirxah, ona mütəmadi maddi dəstək olan şəxs kimi tanıtmışdı. Bir dəfə Mehriban bizə gəldi. Dedi, yıxılmışam, qolum zədələnib. Həmin vaxt Əfqan Zeyanlov ona zəng vurdu. Ünvan verdi, dedi, gəl görüşək. Mən də Mehribana qoşulub Əfqanın yanına getdim. Həmin vaxt Nelli də Əfqanın yanında idi. İlk dəfə Nellini orada görmüşəm".

Şahid zərərçəkmiş Əfqan Zeynalovun suallarını cavablandırarkən deyib ki, həmin görüş zamanı onların arasında pulun məbləği barədə məlumatı olmayıb və bu məbləği istintaq dövründə eşidib:

"Məni Nəsimi rayon Prokurorluğuna çağırdılar. Bununla bağlı Mehriban zəng vurdum, soruşdum ki, niyə məni prokurorluğa çağırırlar, mənim bu işə nə adiyyətim var? Mehriban heç nə demədi. İfadə verməyə getdim. Müstəntiq mənim öz səsimi özümə dinlətdi. Nelli, Əfqan, Mehribanla birlikdə olanda səsimi yazıblarmış".

Şahid ifadəsində görə, Mehribanla həm qonşu, həm də rəfiqə olublar: "Mehriban çox kasıb yaşayırdı. Teatrda xidmə işləyirdi. Vatsapda hər gün qəmli statuslar paylaşırdı. Təxminən 2020-ci ildə Mehribanda yaxşılığa doğru ciddi dəyişikliklər oldu, adamın üzü gülürdü, yaşayış tərzi dəyişmişdi. Ondan bunun səbəbini soruşdum. Dedi, Allah Nellinin köməyi olsun, bütün bunların hamısı onun sayəsində olub.

Mehriban dedi ki, teatrdan başqa bir şirkətə də işə düzəlmişəm. Həmin şirkətin işçisi Nellinin ona köməklik etdiyini, oğlunun xəstəliyi ilə bağlı pul verib, kreditlərini bağladığını deyib.

Nelliyə qədər Mehribanın hamıya borcu olub. Sonradan məlum oldu ki, Nellinin Mehribana xərclədiyi pullar şirkətin sahibinin imiş. Mehriban da bundan çox qorxmuşdu, Nelli də ondan pullarını geri istəyirdi. Sonra Əfqan müəllim dedi ki, ortada mənimsənilən pul 50 mindən çoxdur. Mehriban da borc-xərc edib, bu pulu ödədi. Mehribana görə qızıllarımı lombarda qoydum, pul götürdüm. Həmin pulu da Mehribana verdim. 7-8 minlik qızılların bu günə kimi də lombardadır".

Növbəti proses oktyabrın 27-də davam edəcək.

İttihama görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov "Avto Tranasyol"un baş direktoru olub, "Murov TSK" MMC yaradıb. 2018-ci ildə Nelli Fabriçnaya Əfqan Zeyanlovun şirkətinə işə düzəlib.

Bu şirkət Azərbaycan Dəmir Yolları QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb. Həmçinin şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan işlərin görülməsi üçün Nelliyə etibarnamə verib.

İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, pulları Nelligildə saxlayıb. İddia olunur ki, Nelli 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb. Ümumilikdə Nelli Əfqanın 423 min dollar pulunu mənimsəyib.

O, həmin pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib. O, xadimə və sevgilisinə ümumilikdə 103 min manat verib.
Əfqan Zeynalov iddia edib ki, Nelliyə etibar edirdi, ona görə seyfi alaraü onun evinə qoymuşdu. İddia edib ki, Fabriçnaya əməlinin üstü açılmasın deyə, onu öldürməyə cəhd edib: "Guya, mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi".

Zəhərləyib öldürmək cəhdi ilə bağlı istintaq dövründə araşdırma aparılıb. Lakin cinayət işi başlanması rədd edilib. Bu qərar Əfqan Zeynalovu narazı salıb və tələb edir ki, məhkəmə bu məsələ ilə bağlı yenidən araşdırma aparsın.

İş mayerialarında Müdafiə Nazirliyinin sorğuya verdiyi rəsmi cavab var. Orada yazılıb ki, Əfqan Zeynalov 44 günlük müharibənin iştirakçısı olmayıb.

Amma o, 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində iştirak edib, ikinci qrup əlildir.

İstintaq orqanı tərəfindən Nelli Fabriçnayanın barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, bundan əvvəl Əfqan Zeynalov da mühakimə olunub və şərti cəza alıb.

Əfqan Zeynalov məhkum olunduğu vaxt "Avtotransyol" şirkətinin baş direktoru olub. O, sonradan "Murov TSK" MMC-ni təsis edib, 2018-ci ildə Nellini işə götürüb.

Təqsirləndirilən tərəf iddia edir ki, Zeynalov yoxa çıxan vəsaitlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq üçün Fabriçnayanı şərləyir.

Əfqan Zeynalovun rəhbərlik etdiyi "Murov TSK" şirkəti dəmiryolu stansiyaları və digər obyektlərin tikintisi, avtomobil yollarının çəkilməsi ilə bağlı tenderlərin qalibi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər