Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Abbas Əsgərov ifadə verib.
O bildirib ki, Mingəçevir şəhərində özünə məxsus evi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satıb. Onun sözlərinə görə, nazirliyin işçiləri əlillər üçün evi almaq istədiklərini deyiblər: "Evi 35 min manata razılaşdıq. Amma müqavilədə 46 min 500 manata rəsmiləşdirdilər".
Daha sonra ifadə verən şahid Əlabbas Qurbanov isə deyib ki, "Memar İnşaat" şirkətində işləsə də, rəhbər olmayıb: "Şirkətə pul ayrılıb, Qazaxda əlillərə ev tikmişik. Cəmi bir ev tikilib. Evi tikməyə 59 min manat ayrılmışdı. Nazirliyin tikilməkdə olan evlərin idarə rəisi Natiq Əzizov tələbə yoldaşım olub. O məni çağırıb soruşdu ki, nə işlə məğulsam, dedim bekaram. Dedi gəl sənə iş verim. Dedim mənim tikinti ilə əlaqəm yoxdur. Natiq dedi ki, bir mütəxəssis taparsan, birləşib işləyərsiniz. Mən də Əhliman müəllimi tapdım, danışdıq, razılaşdıq. Bir müddət sonra Əhliman müəllim başqa iş tapdığı üçün getdi. Mən dedim ki, tək bu işi bacarmayacam. Natiq dedi ki, orda nə var, özüm kömək edəcəm. Evi tikəndə dedilər ki, 7 min manat verməlisən. Həmin pulu nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini Nizami müəllimə verdim. Baxdım ki, özümə xeyir qalmır. Mən də fəhlələrin pulunu ödəyirdim. Özümə bir qəpik də qalmadı".
Şahid Nazim Hüseynov isə bildirib ki, Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorudur, əvvəllər DSMF-də sektor müdirinin müavini olub: "DSMF-də müdir müavini işləyirdim. Yoxlama gəldi, araşdırma aparılandan sonra nöqsanlar aşkarlandı. Daxili Nəzarət Şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşdüm, 8 min manat verdim, işimi düzdü-qoşdu. Bakıda bir yerdə görüşdük, parkda 8 min manat verdim. Bundan sonra məsələ həll olundu".
Digər şahid Müşfiq Əliyevin sözlərinə görə, "Mühəndis-1"MMC-nin təsisçisi olub: "Polis əməkdaşı Nicat Mirzəyev mənə dedi ki, şirkət var, ora səni rəhbər təyin etmək istəyirik. 500 manat bir, 300 manat alıb iki dəfə qol çəkmişəm. Astara rayonunda 2 ev tikiblər. Həmin evlərə görə qol çəkib pul almışam, amma tikintidən xəbərim olmayıb. Evləri Nicat Mirzəyev tikib. Mən banklardan pulu çıxarararaq Nicata verirdim. Özüm çayxanada çay paylayan işləmişəm. İndi də həmin işlə məşğulam".
Qurban Kazımov isə deyib ki, sürücü işlədiyi halda adı şirkət rəhbəri kimi rəsmiləşdirilib:
"Mən bir nəfərin sürücüsü işləyirdim. Onun oğlu Nicat Mirzəyev polisdə işləyirdi. O gəlib dedi ki, tikinti işləri ilə məşğulam, səni "Şirvan-S" MMC-nin rəhbəri təyin etmək istəyirəm. Mən də razılaşdım. Nicatın atası İlqar Nərimanov icra başçısının müavini işləyirdi. Nicat mənim adımla 2 ev tikib. Mənim başqa heç nədən xəbərim olmayıb. Nicat xəstəliyə yoluxdu, rəhmətə getdi. İstintaq məni çağıranda bildim ki, 16 min manat mənimsəmə olub. İlqar müəllim həmin pulu verdi, aparıb ödədim".
Əvəz Sadıqovun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri işləyib: "Fəaliyyətim dövründə Daxili Nəzarət Şöbəsindən yoxlama gəldi. Araşdırdılar, xırda nöqsanlar aşkarlandı. Bildim ki, işdən çıxaracaqlar. Daxili Nəzarət Şöbəsinin müdir müavini Nizami Xanlarovla görüşdüm. Bir az hörmət elədim ki, işçiləri işdən azad eləməsinlər. Buna görə Nizami müəllimə 10 min manat verdim. Elə ailələr var idi ki, əlillik müddəti başa çatan şəxslərin müddəti barədə məlumat verməmişdik. Xırda nöqsanlar var idi. Ona görə də işçilərdən yığdım, özüm də kredit götürdüm, 10 min manat düzəltdim, Nizami müəllimə verdim.
Pulu verəndən sonra nazirin əmri ilə bizə töhmət verilsə də, işdən çıxarılmadıq".
Daha sonra ifadə verən Novruz Çıraqov deyib ki, 35 il dövlət qulluğunda işləyib: "2016-cı ildən 2020-ci ilə qədər DSMF-nin Kəlbəcər şöbəsinin müdiri təyin olunmuşam, 2 dəfə yoxlama gəlib. Yoxlama gəldi, təftişdən sonra Nizami Xanlarov mənə zəng vuraraq nazirliyə çağırdı. Nazirliyə getdim, mənə dedi ki, kömək lazımdır. Mən də 8 min manat verdim".
Şahid qeyd edib ki, ikinci dəfə 2018-ci ilin yanvarında yoxlama gəlib: "Yoxlamadan sonra yenə Nizami müəllim məni çağırdı. Fikirləşdim ki, yenə pula görə çağırıb. Bu dəfə də 10 min manat verdim".
Hakim bu qədər pulu haradan aldığını soruşub. Şahid deyib ki, əsilli-köklü nəsil olublar, bir çox vəzifələrdə işləyiblər: "10 il icra başçısının müavini işləmişəm. Biz kəlbəcərlilərin qonaqpərvərliyi var. Biz qonaqpərvərliyimizi edirik. 2001-2011-ci illərdə icra başçısının müavini olmuşam. Rayonda arı saxlamışıq, pul qazanmışıq. 100 ildən artıq arıçılıq təsərrüfatımız var. Bizim imkanımız yaxşı olub. Vəzifəmi itirməmək üçün də həmin pulu vermişəm".
Daha sonra ifadə verən İlham Bayramov isə bildirib ki, DSMF Xocavənd rayon şöbəsinin müdiri işləyib. Onun sözlərinə görə, fəaliyyəti dövründə nazirlikdən yoxlama gəlib və nöqsanlar aşkarlanıb: "Nöqsanları aradan qaldırmaq üçün Nizami Xanlarova 10 min manat verdim".
Azad Şərifov isə bildirib ki, DSMF-nin Gəncə və Şəmkir rayon şöbələrində rəis işləyib: "2017-ci ildə yoxlama gəldi, bir neçə nöqsanlar aşkarlandı. Nöqsanları aradan qaldırmaq üçün Nizami Xanlarova 20 min manat təklif elədim. Bilirdim ki, Səlim Müslümov ciddi adamdır, pul götürməyəcək və səhvi bağışlamayacaq. Nizami müəllimə yalvarıb yaxardım ki, işi yoluna qoysun. O da işi düzdü-qoşdu, məni işdən çıxarmadılar. Cənab nazir töhmət verdi".
Növbəti proses oktyabrın 31-də davam edəcək.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.