Sumqayıt şəhərində bacısını öldürməyə cəhd etməkdə ittiham olunan Kifayət Nurməmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırıması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Sumqayıt şəhər sakini, 62 yaşlı Kifayət Nurməmmədova ilə 48 yaşlı bacısı Aygün Nurməmmədova arasında ailədaxili münaqişə yaranıb. Münaqişə qanla nəticələnib. Kifayət Nurməmmədova bacısını başından bıçaqlayıb.
Aygün Nurməmmədova ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Kifayət Nurməmmədova saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıq adam öldürmə) maddəsi ilə ittiham elan edilib.