26 Oktyabr 2022 15:14
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda həbs olunan Vətən müharibəsinin qazisi Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Anar Əhmədov Yasamal rayonu ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Ondan 1 kilo 300 qram narkotik vasitə aşkar olunub.

İstintaq orqanı tərəfindən Anar Əhmədovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Anar Əhmədov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, narkotik vasitələrin satışı ilə məşğul olmayıb, lakin narkotik vastiə istifadəçisidir.

Anar Əhmədovun sözlərinə görə, həbs olunan zaman onun üzərində 20 qram “kokos” olub. O, üzərindən aşkar olduğunu iddia olunan 1 kilo 300 qram narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyib: “Məni həbs edəndən sonra təzyiq göstərdilər. Qabağıma nə qoydularsa, ona da imza atdım. Adama elə söz deyirdilər ki, ölüm kağızı da olsa, imza atmağa məcbur olursan”.

Anar Əhmədov bildirib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və 2020-ci ilin sentyabrın 28-də könüllü olaraq müharibəyə yollanıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, müharibədən əvvəl narkotik vasitə istifadə etməyib: “Müharibədən qayıtdıqdan sonra əsəblərim pozuldu. Bədənimdə ağrılar hiss edirdim, yaralandığım üçün gecələr yata bilmirdim. Buna görə də narkotik vasitə istifadə etməyə başladım”.

Anar Əhmədov narkotik vasitəni tanımadığı adamdan aldığını deyib. Onun sözlərinə görə, bir neçə qazi ilə birlikdə narkotik vasitə alıblar.

Bildirib ki, müharibədən əvvəl fərdi əməklə məşğul olub: “Amma müharibədən qayıtdıqdan sonra işləyə bilmədim. Buna səbəb müharibədə xəsarət almağım olub. İşləmədiyim üçün maddi ehtiyaclarımı qardaşlarım qarşılayıb. Bu səbəbdən narkotik vasitə satışı ilə məşğul olmağım barədə deyilənlər əsassızdır. Narkotikin təsiri altına düşmüşəm. Bunu etiraf edirəm. Narkotik qəbul etməyəndə gecələr rahat yata bilmirdim. İstifadə edəndə isə rahat yatırdım. Narkotik vasitəni adamlardan axtararaq tapmışam. Məndən narkotik vasitə istəyən olmayıb, heç kimə də narkotik vasitə verməmişəm”.

Anar Əhmədov bildirib ki, hərdən qazi yoldaşları ilə birlikdə də narkotik vasitə alıb və hər dəfə narkotik vasitəyə 20 manat ödəniş edib. O bildirib ki, narkotik vasitənin pulunu ödəmə terminalları vasitəsi ilə karta göndərib: “Məndə külli miqdarda narkotik vasitə olmayıb. Narkotik satişi ilə məşğul olmağım absurddur. Çünki mən 20 manatdan artıq “mal” götürməmişəm.

Anar Əhmədov ifadəsində məhkəmədən ədalətli qərar gözlədiyini deyib: “Mən ölümdən də qorxmuram. Amma burada mənə ədalətsiz ittiham veriblər. Məni istintaqda şantaj ediblər. İndi burada həmin şantajları deyə bilmirəm”.

Anar Əhmədov deyib ki, Vətən müharibəsi zamanı yaralandığı üçün 2-ci qrup əlil olub. Onun sözlərinə görə, müharibə zamanı göstərdiyi xidmətlərlə bağlı orden və medallarla təltif olunub.

Növbəti proses oktyabrın 31-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər