Bakıda tanınmış idmançı Zaur Yusifovu güllələyib qətlə yetirməkdə ittiham olunan Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Teleqraf.com xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il cəza istəyib. Sabah hökm elan ediləcək.
İttihama görə, 14 mart 2022-ci ildə, saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən “Qardaşlar” marketin içərisində 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu odlu silahdan açılan atəş nəticəsində öldürülüb.
İlkin istintaqla Şirəliyev Samir Fərhad oğlunun 2019-cu ildə qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsi müəyyən edilib.
Toplanmış sübutlar əsasında Samir Şirəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Xatırladaq ki, Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü E.Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
İstintaq zamanı Zaur Yusifov da tutulub.
Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Həsən Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Zaur Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qətlə yetirilən Emin Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.
Samir Şirəliyevi öldürməkdə ittiham olunduğu Zaur Yusifovun özü də bir müddət əvvəl qətl hadisəsinə görə həbs olunmuşdu. O, Samir Şirəliyevin xalası oğludur və “Lotu Quli"nin yaxın adamı kimi tanınıb.
Zaur Yusifovun ölümündən sonra Bakı Apelyasiya Məhkəməsi onun haqqında bəraət hökmünü ləğv edib. Lakin öldüyünə görə barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.