Bakıda dələduzluq etməkdə ittiham olunan "Murov TSK" MMC-nın kadrlar şöbəsinin müdiri işləmiş 1988-ci il təvəllüdlü Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Hökümə Zeynalova ifadə verib.
Zərərçəkmiş Əfqan Zeynalovun bacısı olduğunu deyən şahid qardaşının yaşadığı evə gələrkən onun vəziyyətinin ağır olduğunu görüb: ”Əfqana yemək hazırladım, güclə yedizdirdim. Stolun üstündə mürəbbə suyu, dərman şüşəsi var idi. Əfqan yemək yeyəndən sonra həmin suyu ona verdi. Gördüm ki, qardaşımın halı pisləşdi. Elə bildim ki, xəstəlikdəndir”.
Şahid deyib ki, qonşu otaqda Nellinin telefonda kiminləsə danışdığını eşidib: ”Nellidə də açar var idi. Yarı rusca, yarı azərbaycanca kiməsə deyirdi ki, dalbadal dərmanı verdim, amma Maştağalıq olmur. Səhəri gün də qoynundan dərman çıxarıb Əfqana verən yerdə tutdum. Soruşanda dedi ki, “valerianka”dır”.
İfadəsinin davamında şahid deyib ki, qonşu otaqda namaz qılanda Əfqanın xırıldıyan səsini eşidib. Digər qardaşı Mamedə zəng vurub, təcili gəlməsini istəyib. Bundan sonra Əfqan Zeynalovu həkimə aparıblar.
Hökümə Zeynalovanın ifadəsinə görə, Nelli Fabriçnaya seyfdən pul götürdüyünü etiraf edib:”Mən pulun miqdarını bilmirəm. Nelli deyirdi ki, 400-500 min götürmüşəm, əcəb eləmişəm. Mübahisə etdik. Dedim ki, mən uşaq deyiləm, qardaşımı niyə öldürürdünüz? Sənə pul lazım idisə, mən kənddən yığar verərdim. Ağladı, dedi, mən Əfqanı öldürməsəydim, onlar məni öldürəcəkdilər. Özü üzrxalıq etdi, pulları qaytarcağını dedi”.
Növbəti prosesi noyabrın 14-də davam edəcək.
İttihama görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov "Avto Tranasyol"un baş direktoru olub, "Murov TSK" MMC yaradıb. 2018-ci ildə Nelli Fabriçnaya Əfqan Zeyanlovun şirkətinə işə düzəlib.
Bu şirkət Azərbaycan Dəmir Yolları QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb. Həmçinin şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan işlərin görülməsi üçün Nelliyə etibarnamə verib.
İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, pulları Nelligildə saxlayıb. İddia olunur ki, Nelli 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb. Ümumilikdə Nelli Əfqanın 423 min dollar pulunu mənimsəyib.
O, həmin pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib.
O, xadimə və sevgilisinə ümumilikdə 103 min manat verib.
Əfqan Zeynalov iddia edib ki, Nelliyə etibar edirdi, ona görə seyfi alaraq onun evinə qoymuşdu. İddia edib ki, Fabriçnaya əməlinin üstü açılmasın deyə, onu öldürməyə cəhd edib: "Guya, mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi".
Zəhərləyib öldürmək cəhdi ilə bağlı istintaq dövründə araşdırma aparılıb. Lakin bu məsələylə bağlı cinayət işi başlanması rədd edilib. Bu qərar Əfqan Zeynalovu narazı salıb və tələb edir ki, məhkəmə bu istiqamətdə yenidən araşdırma aparsın.
İş meterialarında Müdafiə Nazirliyinin sorğuya verdiyi rəsmi cavab var. Orada yazılıb ki, Əfqan Zeynalov 44 günlük müharibənin iştirakçısı olmayıb.
Amma o, 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində iştirak edib, ikinci qrup əlildir.
İstintaq orqanı tərəfindən Nelli Fabriçnayanın barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, bundan əvvəl Əfqan Zeynalov da mühakimə olunub və şərti cəza alıb.
Əfqan Zeynalov məhkum olunduğu vaxt "Avtotransyol" şirkətinin baş direktoru olub. O, sonradan "Murov TSK" MMC-ni təsis edib, 2018-ci ildə Nellini işə götürüb.
Təqsirləndirilən tərəf iddia edir ki, Zeynalov yoxa çıxan vəsaitlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq üçün Fabriçnayanı şərləyir.
Əfqan Zeynalovun rəhbərlik etdiyi "Murov TSK" şirkəti dəmiryolu stansiyaları və digər obyektlərin tikintisi, avtomobil yollarının çəkilməsi ilə bağlı tenderlərin qalibi olub.