Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Əhəd Həziyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Naqi Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 16-na təyin olunub.
Qeyd edək ki, hadisə Yevlax-Ağdam magistral avtomobil yolunun Bərdə rayon Şirvanlı kəndi ərazisində qeydə alınıb. “Toyota”, “NİVA” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb.
Həlak olan şəxs Bərdə rayon Əmirli kənd sakini, 1986-cı il təvəllüdlü Eyvazova Şəhla Dadaş qızıdır.
Müxtəlif bədən xəsarətləri alan Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm oğlu, Cəlalov Sədi Cəlal oğlu, Hüseynov Kənan Həsən oğlu Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Qeyd edək ki, Sədi Cəlalov və Ələmdar Dadaşov polis əməkdaşlarıdır.
İstintaq araşdırması zamanı qəzanın törədilməsində Əhəd Həziyev günahkar bilinib. Onun barəsində cinayət işi başlanıb.