4 Noyabr 2022 18:33
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova vəsatətlə çıxış edib. Vəkil ilkin olaraq Rasim Məmmədovun dəmir qəfəsdə yox, vəkilləri ilə yanaşı əyləşməsini istəyib. Vəkil bildirib ki, hazırda iş üzrə sənədlər araşdırılır, Rasim Məmmədovla məsləhətləşmələrə ehtiyac var.

Zibeydə Sadıqova deyib ki, bu günə kimi 19 məhkəmə iclası keçirilib, həmin məhkəmə iclaslarının protokolları ilə tanış olmayıblar. Vəkil həmin iclas protokollarının onlara verilməsini istəyib. Həmçinin prosesin audio yazı ilə aparılması barədə də vəsatət verib.

Hakim isə vəsatətləri müzakirəyə çıxarmadan təmin etməyib. Bunu belə əsaslandırıb ki, bu vəsatətlər əvvəllər də verilib, dəfələrlə müzakirə olunub.

Daha sonra müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunan Tamara Seyidxanaova ifadə verib. O bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub və 2010-cu ildə "Röyal Sity" MMC yaradıb və həmin il 6 ay fəaliyyət göstərib: "Metal qırıntılarını alınması təşkil olunub. Bundan isə mənim xəbərim olmayıb. Mən yalnız şirkətin hesabatlarını vermişəm. Çingiz Həsənov mənə zəng edib, görülən işlərlə bağlı rəqəmlər deyib. Mən də həmin rəqəmlər əsasında hesabatlar vermişəm. Ortalıqda heç bir pul olmayıb. Şirkət 5-6 ay işləyib, sonra isə fəaliyyətini dayandırıb".

Rasim Məmmədov isə şahidə istintaq sənədlərində şirkətin 1 milyon 200 min manat qazancı olması barədə yazıldığını deyib və bu miqdarda qazancın olub-olmadığını soruşub. Şahid isə belə bir məbləğdə qazancın olmadığını deyib.

Daha sonra iş üzrə yoxlama aparan auditor Səftar Vəlizadə müdafiə tərəfinin cəsarəti əsasında əlavə şahid qismində ifadə verib. O bildirib ki, "Baki Steel" və "Röyal Sity"də yoxlamalar aparıblar, araşdırdıqları sənədlər əsasında maliyyə çatışmazlığı aşkar ediblər. Onun sözlərinə görə, şirkətlərdə faktura-qaimələrdə, vergi bəyannamələrində uyğunsuzluq aşkar ediblər.

Şahid deyib ki, 2012-ci ilin yanvar ayında "Röyal Sity"də 25 min ton metal alınıb, bunun da müqabilində 1 milyon 200 min manat qazanc olub. Şahid bildirib ki, qiyməti şişirtməklə 25 min ton metal qalığı alınması ilə bu qədər qazanc ola bilər.

Rasim Məmmədov isə qeyd edib ki, "Röyal Sity" MMC-də heç bir qazanc olmayıb. Onun sözlərinə görə, MMC ziyanla işləyib və bu qədər qazancın olması barədə iddia əsasızdır.

Bu zaman Rasim Məmmədov izahatında hakimlərə müraciət edib və deyib ki, izah verirəm, anlayasız. Rasim Məmmədovun izahatında dəfələrlə "Hörmətli hakimlər, izah edirəm ki, anlayasız", "mən deyirəm ki, başa düşəsiz" ifadələrini işlətməsi etiraza səbəb olub.

Hakim:

- Siz sərhədləri aşırsız. Məhkəmə ilə danışmaq qaydası var. Məhkəməyə hörmətsizlik edirsiz.

Rasim Məmmədov:

- Mən hörmətsizlik etmirəm.

Hakim:

- Hörmətsizlik edirsiz.

Daha sonra hakim prosesdə fasilə elan edib.

Bir qədər sonra zala qayıdan hakimlər prosesi davam etdiriblər. Şahid Səftar Vəlizadə tərəflərin suallarını cavablandırıb.
Bu zaman Rasim Məmmədov deyib ki, o, sual verəndə hakim əsəbləşir.

Hakim:
- Burada heç kim əsəbləşmir. Siz hörmətsizlik edirsiz.

Rasim Məmmədov:
- Mən heç vaxt hörmətsizlik etməmişəm.

Hakim Novruz Kərimov:
- "Anlayırsız" ifadəsi məhkəməyə hörmətsizlikdir. Məhkəmədə olanlar anlayanlardır ki, burada oturublar. Siz məhkəməyə belə ifadə işlədə bilməzsiz. Siz sərhədləri aşırsız. Siz ancaq nəyisə məhkəmədən xahiş edə bilərsiz. Bu tonda danışa bilməzsiz.

Rasim Məmmədov:
- Xətrinizə dəydimsə, üzr istərəm.

Daha sonra şahid Səftar Vəlizadə audit yoxlamalarından danışıb. Rasim Məmmədov isə onun dediklərini təkzib edib. Deyib ki, audit yoxlaması zamanı rəqəmlər şişirdilib.

Növbəti proses noyabrın 11-də davam edəcək.

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər