Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin icratında baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə sabiq icra başçısı barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Bundan başqa, Alimpaşa Məmmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürüldüyü məlum olub.
Hazırlıq iclası noyabrın 10-na, məhkəmə baxışı noyabrın 24-ə təyin edilib.
Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.