14 Noyabr 2022 15:41
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda ittiham olunan "Murov TSK" MMC-nın kadrlar şöbəsinin müdiri işləmiş 1988-ci il təvəllüdlü Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Arzu Bəşirova ifadə verib.

O, Beynəlxalq bankın Nəsimi filialında işçisi olduğunu bildirib. Təqsirləndirilən şəxsi daimi müştəri olaraq tanıyıb: "Bizə müraciət etmişdi ki, adına kart açaq. Biz də dedik ki, əlavə kartı Əfqan Zeynalovun adına aça bilərik, hesab isə sizin adınıza olacaq. Əlavə kart hazırlayanda Əfqan müəllimin özü də iştirak etdi. Bu kart açılarkən şəxsin özü iştirak edə də bilər, etməyə də. O karta 30 min dollar pul qoyanda, Nelli xanım Əfqan bəylə gəlmişdi".

Şahid Suğra Həsənova isə Əfqan Zeynalova aid şirkətdə 2018-ci ildən mühasib işlədiyini söyləyib:

"Görürdüm ki, bütün vəsaitlər Nellinin əlindədir. Bu da təbii ki, bizi narahat edirdi. Əfqan müəllim bütün səlahiyyətləri ona vermişdi. Bizdə xadiməni çıxartdı. Onun yerinə Mehriban adlı xanımı işə götürdü. Sonradan çox yaxın rəfiqə oldular.

Mehriban Əfqan müəllimi güdürdü. Sonradan gördük ki, Mehribanın sosial vəziyyəti yüksəldi və işə artıq taksi ilə gedib gəlir. Mən Nelli ilə söhbət edəndə dedim ki oğlum kredit götürmək istəyir. Nelli isə mənə söylədi ki, sənə maddi cəhətdən kredit götürməyinə kömək edə bilərəm. Mən təəccüblənəndə dedi ki, qardaşımın imkanı yaxşıdı.

Nellinin otağında müxtəlif dərman preparatları var idi. Əfqanın bütün dərmanlarını ancaq Nelli verirdi. Biz də təəccüblənirdik ki bu qədər dərman nəyə lazımdı axı?

Nelli mənə balıq verdi. O balığı yeyəndə zəhərləndim, ölümdən geri döndüm. Çox yalançı və kollektiv arasında nifaq yaradan şəxs idi. Əfqan Zeynalov dedi ki, onun seyfində olan 300 min dollar oğurlanıb. Bu əməlin Nellinin törətdiyini biləndə ona iltizam ərizəsi yazdırdı. Nelli inlizamda yazmışdı ki, məsuliyyəti öz üzərimə götürürəm və pulları qaytaracam".

Daha sonra şahid qismində ifadə verən Məmməd Zeynalov deyib ki, zərərçəkmiş Əfqan Zeyanlovun qardaşıdır. 2008-ci ildən ailəlikcə yol tikintisi ilə məşğul olur: "İşğaldan azad olunmuş rayonlarda yol tikintisi ilə bağlı işlərimiz çoxaldı. Kəlbəcərdə yol tikintisi üçün bizə buldozer lazım oldu. Əfqan dedi ki, Türkiyədən bir tanış var, onunla danışmışam.

Əfqana zəng edəndə bacım telefonu götürdü. Dedi, buldozeri kənara qoy, gəl Bakıya, Əfqan əldən gedir. Mən də Əfqangilə gəldim. Gördüm, yaman gündədi. Dərhal dərmanların atılmasını tələb etdim. Həkimə apardım və məlum oldu ki, Əfqan zəhərlənib. O, pulu bizə yollamalı idi ki, buldozeri alaq. Pulun taleyini soruşanda dedi ki, Nelli oğurlayıb".

Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili ilə hakim arasında mübahisə yaranıb. Vəkil şahidə sual verərkən deyib ki, mən elə suallar verirəm, hakimlərin gözünü açıram. Bu ifadə hakimi qəzəbləndirib və vəkilə xəbərdarlıq edib.

Hakim deyib ki, məhkəməyə qarşı bir də belə ifadələr işlədilən, daha sərt tədbirlər görüləcək.

Növbəti iclası noyabrın 21-nə təyin edilib.

İttihama görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov "Avto Tranasyol"un baş direktoru olub, "Murov TSK" MMC yaradıb. 2018-ci ildə Nelli Fabriçnaya Əfqan Zeyanlovun şirkətinə işə düzəlib.
Bu şirkət Azərbaycan Dəmir Yolları QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb. Həmçinin şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan işlərin görülməsi üçün Nelliyə etibarnamə verib.
İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, pulları Nelligildə saxlayıb. İddia olunur ki, Nelli 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb. Ümumilikdə Nelli Əfqanın 423 min dollar pulunu mənimsəyib.

O, həmin pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib.

O, xadimə və sevgilisinə ümumilikdə 103 min manat verib.

Əfqan Zeynalov iddia edib ki, Nelliyə etibar edirdi, ona görə seyfi alaraq onun evinə qoymuşdu. İddia edib ki, Fabriçnaya əməlinin üstü açılmasın deyə, onu öldürməyə cəhd edib: "Guya, mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi".

Zəhərləyib öldürmək cəhdi ilə bağlı istintaq dövründə araşdırma aparılıb. Lakin bu məsələylə bağlı cinayət işi başlanması rədd edilib. Bu qərar Əfqan Zeynalovu narazı salıb və tələb edir ki, məhkəmə bu istiqamətdə yenidən araşdırma aparsın.

İş meterialarında Müdafiə Nazirliyinin sorğuya verdiyi rəsmi cavab var. Orada yazılıb ki, Əfqan Zeynalov 44 günlük müharibənin iştirakçısı olmayıb.

Amma o, 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində iştirak edib, ikinci qrup əlildir.

İstintaq orqanı tərəfindən Nelli Fabriçnayanın barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, bundan əvvəl Əfqan Zeynalov da mühakimə olunub və şərti cəza alıb.

Əfqan Zeynalov məhkum olunduğu vaxt "Avtotransyol" şirkətinin baş direktoru olub. O, sonradan "Murov TSK" MMC-ni təsis edib, 2018-ci ildə Nellini işə götürüb.

Təqsirləndirilən tərəf iddia edir ki, Zeynalov yoxa çıxanvəsaitlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq üçün Fabriçnayanı şərləyir.

Əfqan Zeynalovun rəhbərlik etdiyi "Murov TSK" şirkəti dəmiryolu stansiyaları və digər obyektlərin tikintisi, avtomobil yollarının çəkilməsi ilə bağlı tenderlərin qalibi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər