17 Noyabr 2022 17:48
2 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə videogörüntülər nümayiş etdirilib.

Bunlardan biri qoyunun yandırılması, digəri isə İlkin Süleymanov dindirilərkən lentə alınmış videogörüntülər olub.

İstintaq zamanı eksperiment məqsədilə qoyunun əyninə paltar geyindirilərək, yandrılılıb. Birinci dəfə qoyunun üstünə salyarka tökülüb və 4 dəqiqə 47 saniyə yandırılıb.

Lakin bu zaman görüblər ki, qoyunun arxa hissəsi yanmadı. Üstəlik, qoyun tam şəkildə - kömürləşmiş həddə yanmayıb. Ona görə onu ikinci dəfə yandırıblar. Amma yenə də arxa hissə yanmayıb.

Hər iki videoya baxdıqdan sonra vəkillər sual veriblər ki, necə olur, Nərminə aid olduğu iddia edilən meyitin təxminən iki dəqiqə yanması barədə rəy verilib: “Hər iki tərəf də kömürləşmiş həddə yanıb? O meyitin arxa hissəsi torpağın üstündə idi. İki dəqiqə ərzində kürək nahiyəsi o vəziyyətə düşə bilməzdi axı...”

Məhkəmədə həmçinin İlkin Süleymanovu hadisə yerinə gətirib, orada lentə alınmış görüntülər də nümayiş etdirilib. Müstəntiqin pıçıltıları, müdaxilələri videoda açıq-aşkar eşidilir, hiss olunur.

Həmçinin İlkin Süleymanovun üzərində xəsarət izləri də görünüb.

Videogörüntülərin nümayişi zamanı vəkillər və İlkin Süleymanov özü bir sıra məsələri aydınlaşdırmaq istəyiblər.

Məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanov buna imkan verməyib. Hakim bildirib ki, vəkillər bunları saxlayıb, məhkəmə prosesinin sonunda aydınlaşdırmalıdır.

Bu da vəkillərin etirazına səbəb olub. Onlar hakimi ədalətsizlikdə, prosesi obyektiv idarə etməməkdə, ittiham və müdafiə tərəfinə bərabər şərait yaratmamaqda günahlaşdırıb.

Bu üzdən məhkəmə prosesində qalmaqal yaşanıb.

Növbəti proses noyabrın 21-də davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər