Bu gün ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Ədliyyə Nazirliyinin penitensiar xidməti üzrə tədbirlər keçirilib.
Teleqraf.com xəbər verir ki, penitensiar xidmətin əməkdaşları Ədliyyə Nazirliyinin digər qurumlarının işçiləri ilə birgə Heydər Əliyevin anım mərasimində iştirak edib və ulu öndərin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
Anma mərasimi daha sonra Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində davam etdirilib. Tədbiri giriş sözü ilə açan Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev adı müstəqil Azərbaycan Respublikasının tarixinə xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi yazılan ümummilli liderimizin keçdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən geniş söz açaraq, bu zəngin irsin təkcə xalqımız deyil, bütün bəşəriyyət üçün böyük töhfə olduğunu qeyd edib.
Bildirilib ki, əsası ulu öndərimiz tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi tərəqqi yoluna çıxarıb, dövlət müstəqilliyimizi möhkəmləndirib, Azərbaycanı qüdrətli dövlətə çevirib.
Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyində təmsil olunduğu və Azərbaycana rəhbərlik etdiyi zamanlarda xalqına sədaqətlə xidmət etməsindən, ən çətin və mürəkkəb şəraitlərdə Azərbaycanın müstəqilliyi naminə özünün və yaxınlarının həyatını təhlükədə qoymaqdan belə çəkinmədiyindən danışılıb.
Qeyd olunub ki, ölkəmizin tarixinə stabillik və inkişaf dövrü kimi düşən 1993-2003-cü illər ərzində Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulub, vətəndaş cəmiyyətinin bərqərar edliməsi istiqamətində mühüm addımlar atılıb.
Mədət Quliyev həmçinin vurğulayıb ki, Heydər Əliyevin əziz xatirəsi anılarkən Penitensiar xidmətin əməkdaşları da bu dahi şəxsiyyətin xatirəsinə dərin hörmət və ehtiramını bildirir, onun Vətən və xalq yolundakı misilsiz xidmətlərini minnətdarlıq hissi ilə xatırlayırlar.
Tədbirin sonunda iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən klipə tamaşa ediblər.
Hacı Zeynalov