Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov rayon ərazisində xidmətdə olan məmurlardan aldığı rüşvətlər açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baş tutan iclasda çıxış edən prokuror elan edib.
İttihama görə, Alimpaşa Məmmədov Şəmkir rayon icra hakimiyyəti başçısının Zəyəm kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Elçin Abbasovdan xidmət üzrə ümumi himayədarlıq müqabilində, onun göstərişlərini icra edən Şəmkir rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev vasitəsi ilə 2016-cı ilin iyun ayında 6.000 manat və 2017-ci ilin mart ayında 5 000 manat, Şəmkir rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Mustafayev vasitəsilə 2016-cı ilin mart ayında 2.000 manat olmaqla, ayrı-ayrı vaxtlarda ümumilikdə 13.000 manat rüşvət alıb.
Bundan başqa, Alimpaşa Məmmədov 2015 və 2016-cı illərdə Şəmkir rayon İcra hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş “Ağstafasutikinti” ASC Şəmkir Bina Korpu Yol və Su Tikinti Quraşdırma İdarəsi tərəfindən Şəmkir şəhərində abadlıq işlərinin görülməsinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq həmin idarənin müdiri Vaqif Məmmədovdan köməkçisi Mahir Əliyev vasitəsilə şəxsən özü üçün 218.166 manat alıb.
Alimpaşa Məmmədov Oruc Qarayevdən Şəmkir rayon icra hakimiyyəti başçısının Aşağı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunması və xidmət üzrə ümumi himayədarlıq müqabilində 3.000 manat alıb.