24 Noyabr 2022 20:26
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru Fariz Xəllili Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib.

Teleqraf.com "Belediyye.info"ya istinadən xəbər verir ki, bələdiyyə sədri xüsusi ittiham qaydasında etdiyi şikayətdə həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzovdan və Ağsu rayon prokuroru Elnur Cəfərovdan da şikayət edib.

Fariz Xəlilli şikayətini belə əsaslandırb ki, 26.10.2022-ci ildə Ağsu rayonu Gəgəli kəndində Ağsu rayonu İcra Hakimiyyəti başçısı, cənab Rövşən Bağırovun yerli sakinlərlə səyyar görüşü zamanı o təhqir edilib: "Gəgəli bələdiyyəsinin sədri kimi mən də İcra hakimiyyətinin dəvəti ilə görüşdə iştirak etmişəm. Təəssüf ki, mən bələdiyyə ilə bağlı yaranmış suallara cavab verərkən başçı, cənab Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, cənab Fuad Təhməzov, Ağsu rayon prokuroru, cənab Elnur Cəfərov "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini - bələdiyyə sədrinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə mane olmuş, hüquqlarımı, şərəf və ləyaqətimi seçicilər qarşısında alçaldıblar. Onlar seçiciləri açıq şəkildə istiqamətləndirərək, mənim ünvanıma əsassız və heç bir sübutla təsdiq olunmamış böhtan nöqsanları deyərək üzərimə qaldırmağa çalışıblar".

Bələdiyyə sədri məhkəmədən Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu rayon prokuroru Elnur Cəfərov barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə və 308-ci maddəsinə əsasən cəzalandırılmasını və dəyən mənəvi zərərin kompensasiya edilməsini istəyir. Sədr zərər kimi 30.000 manat Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tərəfindən, 15.000 manat Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov tərəfindən, 15.000 (on beş min) manat Ağsu rayon prokuroru Elnur Cəfərov tərəfindən olmaqla ödənilməsini tələb edir.

Şikayətlə bağlı sabah rayon məhkəməsində ilk hazırlıq iclası keçiriləcək.


Müəllif: Teleqraf.com