5 Dekabr 2022 17:56
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Rasim Qocayev ifadə verib.

O bildirib ki, Binəqədi Gənclər Şəhərciyində tikilən binaların tikintisi ilə məşğul olan şirkətin kommunal nəzarət şöbəsinə rəisi olub. Şahid qeyd edib ki, mənzillərin tikərək sahiblərinə təhvil veriblər.

Hakim bildirib ki, dövlət büdcəsindən 4 milyon 577 min manat vəsait Rasim Qocayevin də olduğu şirkətin balansına köçürülüb. Şahid deyib ki, məbləğ dəqiq yadında deyil. Qeyd edib ki, mənzillərin satılmasına Rəfail Cəbrayılov (keçmiş deputat), qardaşı Elşən Cəbrayılov nəzarət ediblər. Onun sözlərinə görə, həmin dövlət büdcəsindən ayrılan məbləğləri də onlar dəqiq biliblər: "Mən binanın kommunal işlərinə baxırdım. Maliyyə işləri ilə məşğul olmurdum".

Şahidin sözlərinə görə, 2015-ci ildə 46 ev, sonrakı illərdə isə 15 və 81 mənzil təmir edərək sahiblərinə təhvil veriblər.

Digər şahid Namiq Məmmədov isə deyib ki, şirkət yaradıb və nazirliyin tenderlərində iştirak edib. Ağstafa, Xaçmaz və Kürdəmir rayonlarında 23 fərdi ev tikiblər. Sonradan Maliyyə Nazirliyinin yoxlanılması zamanı 52 min manatlıq çatışmazlıq yaranıb və həmin vəsaiti dövlət büdcəsinə ödəyib.

Hakim isə deyib ki,150 min manat çatışmazlıq müəyyən edilib, amma bu məbləğlə razı olmayıb.

Daha bir şahid Qabil Mustafayev deyib ki, özünün və qohumlarının adına şirkətlər yaradıb, nazirliyin elan etdiyi tenderlərdə iştirak edib, qalib olub. Müqaviləyə əsasən Gədəbəy və Göygöldə müharibə əlilləri üçün 5 ev tikib.

Şahid qeyd edib ki, nazirliyin tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova hər ev üçün 5 min manat verib.

Şahid bildirib ki, sonradan Maliyyə Nazirliyinin yoxlaması zamanı 23 min 493 manat çatışmazlıq yaranıb: "Mən Maliyyə Nazirliyinin yoxlanılmasınl qəbul etmirəm. Bu yoxlamalar qərəzli olub. Biz özümüzdən də pul xərcləmişik. Misal üçün, qeyd edə bilərəm ki, Çanaqçı kəndində bir mənzil çəkiliş üçün içərisi əşyalarla təmin olundu. Mağazadan mebel və digər əşyalar gətirərək evi bəzədik. Amma bu smeta dəyərində yox idi. Bu, görüntü üçün idi. Natiq Əzizovun tapşırığı idi. Çəkilişdən sonra mebelləri götürmək istəyəndə Qarabağ iştirakçısı üstünə benzin tökdü, mebelləri götürməyimizə imkan vermədi. Buna görə də mənə 10 min manat ziyan dəymiş oldu. Bunu Natiq Əzizova dedim. Dedi ki, sənədləşdirəcəm, sənə dəymiş ziyan ödəniləcək. Amma dəymiş ziyan ödənilmədi".

Şahid Asif Səfərov deyib ki, "Titanik 2014", "Vinera 2014" MMC-ləri təsis edib və tenderlərdə iştirak etmək üçün Natiq Əzizova müraciət edib. Onun sözlərinə görə, Daşkəsən rayonunda 3 fərdi ev tikərək sahiblərinə təhvil verib. Bu işə görə Natiq Əzizova 6 min manat verib.

Hakim bildirib ki, şahid istintaqa verdiyi ifadəsində Natiq Əzizova 9 min manat verdiyini deyib.

Daha sonra xalq artisti Zeynəb Xanlarovanın qohumu, nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini işləmiş Nizami Xanlarov ifadə verib.

O bildirib ki, hər illik plan üzrə şöbə və müəssisəllərdə yoxlamalar aparılıb. Yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı protokol yazılıb: "Sonradan nöqsanlar aşkarlanan şöbə və müəssisə müdirləri mənə müraciət edib, nöqsanların aradan qaldırılması üçün özləri mənə pul təklif ediblər. Mən də aldığım pulları şöbənin müdiri Soltan Hacıyevə xidməti otağında vermişəm".

Sulları cavablandıran şahid deyib ki, tərəflərdən kiminsə pulunu geri qaytarılması halı baş verməyib: "Kimdən nə qədər pul alınması, ümumi məbləğin nə qədər olması barədə yadımda heç nə qalmayıb. İşdən çıxandan sonra işsiz qaldım. Buna görə də stress keçirdim, məndə yaddaş pozğunluğu yaranıb".

Nizami Xanlarov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib, orada alınan rüşvətlə bağlı göstəridklərinin düzgün yazıldığını deyib.

Daha sonra ifadə verən şahid Namiq Şəmiyevin sözlərinə görə, qardaşı Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə müdir müavini işləyib. O bildirib ki, nazirliyin aparat rəhbəri olmuş Əjdər Cəbiyev onun qardaşında 115 min manat alıb:

"Birinci dəfə qardaşım Əjdər Ola 40 min manat verib. Daha sonra yenə 40 min, sonda isə 35 min manat verib. Sonuncu iki məbləği qardaşım mənim yanımda Əjdər Ola təqdim edib. Bundan sonra qardaşımdan əsəb-stress yarandı, rəhmətə getdi. Bu hadisələrdən sonra Səlim Müslümovla görüşmək istədim. Amma görüşümüz alınmadı. Əjdər Ol da əvvəllər mənə deyirdi ki, şikayət etməyin, hər şey qaydasında olacaq, narahat olmayın, pulunuzu qaytaracam. Lakin sonradan Əjdər Ol işdən çıxdı. Bundan sonra onunla görüşmək istədik. O bizi təhqir etdi".

Növbəti proses dekabrın 12-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər