Goranboy rayonunda 1965-ci il təvəllüdlü İlham Haqverdiyev 1970-ci il təvəllüdlü Pərviz Namazov və onun bacısı, 1960-cı il təvəllüdlü Səlmi Namazovanı qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu il fevralın 6-sı saat 17 radələrində rayonun Qarasüleymanlı kəndi ərazisində Pərviz və bacısı Səlminin öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla onları 1965-ci il təvəllüdlü həmkəndlisi İlham Haqverdiyevin torpaq mübahisəsi zamanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, uzun illər ailələr arasında torpaq üstündə mübahisələr, məhkəmə prosesləri olub.
“Uzun müddət Rusiyada yaşamışam”
İstintaq orqanı tərəfindən İlham Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xususi amansızlıqla və ya təhlükəli usulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlham ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Goranboy rayonu Qarasüleymanlı kəndində oğlu və arvadı ilə yaşayıb, təsərrüfatla məşğul olub: “Pərviz və Səlmi həmkəndlilərimdir, qohumluğumuz yoxdur. Aramızda bir neçə il əvvəl torpaqla bağlı mübahisə yarandı”.
Təqsirləndirilən şəxsibn sözlərinə görə, 1997-ci ildə Goranboy rayonunda aqrar islahat aparılan zaman dövlət tərəfindən ona 1.82 hektar pay torpaq sahəsi verilib: “Bundan başqa qardaşlarım Namiq və Nadirin ikisinə birlikdə ümumimlikdə 2.5 hektar pay torpağı ayrıldı. Həmin torpaq sahələri mənə və qardaşlarıma dövlət aktı əsasında verildi. Uzun müddət Rusiyada yaşayıb işlədiyim üçün torpaq sahəsini həmkəndlilərim əkib becərirdi”.
“Məhkəmə Səlminin xeyrinə qətnamə çıxardı”
Təqsirləndirilən şəxs bildirib ki, 2014-cü ildə qardaşlarından 2,5 hektar torpaq sahəsini satın alıb və mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edib: “Ümumilikdə torpaq sahəm mənim 4.3 hektara çatdı. 2016-cı ildə Səlmi torpaq sahəmin qonşuluğundakı torpağı digər həmkəndlilərimdən aldı. Bundan sonra o, mənim də torpaq sahəmə iddia etməyə başladı. İddia edirdi ki, guya aldığı ərazinin 2.4 hektarını zəbt etmişəm.
2016 və ya 2017-ci ildə Səlmi mənə qarşı iddia ərizəsi ilə Goranboy rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə onun xeyrinə qətnamə çıxardı. Mən qətnamədən narazı qaldım. Gəncə Apellyasiya Məhkəməsinə şikayət verdim. Lakin apellyasiya şikayətim təmin olunmadı və Goranboy rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsdə saxlanıldı”.
“Təkrar idddia qaldırdım, iş uzandı”
İlham qeyd edib ki, bundan sonra Rusiyaya işləməyə gedib: “İki il orada qaldım. 2019-cu il oktyabrın 20-də Azərbaycana qayıtdım. Gələndən bir ay sonra, yəni 15 noyabr 2019-cu ildə torpağın döngə nöqtələrinin koordinatlarının yerində müəyyən olunması tələbinə dair Səlmiyə qarşı Goranboy rayon Məhkəməsində iddia qaldırdım.
İddia ərizəm məhkəmədə təmin olunmadı. Rayon Məhkəməsinin qətnaməsindən yenə Gəncə Apellyasiya Məhkəməsinə şikayət etdim. Eyni vaxtda torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə ərazi idarəsinə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldırdım.
Gəncə Apellyasiya Məhkəməsi şikayətim üzrə ekspertiza təyin etdi. COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar mülki işə baxılması müddəti uzandı. Gəncə Apellyasiya Məhkəməsinin təyin etdiyi ekspertiza qərarına əsasən, ekspert mübahisəli torpaq sahəsinə baxış keçirdi və Səlminin mənim torpaq sahəmi zəbt etdiyini müəyyən edərək rəy verdi.
Qarşı tərəf ekspertizanın bu rəyindən narazı qaldı, təkrar ekspertiza təyin edilməsi barədə vəsatət qaldırdı. Həmin vəsatət təmin olundu. Hazırkı vaxta qədər təkrar ekspertizanın rəyi verilmədiyinə görə Gəncə Apellyasiya Məhkəməsinin yekun qərarı qəbul olunmayıb.
Gəncə İnzibati Məhkəməsində qaldırdığım iddia ərizəsi təmin olundu və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə ərazi idarəsinin üzərinə mənə məxsus torpaq sahəsinin döngə nöqtələrinin müəyyən olunması barədə öhdəlik qoyuldu.
Qərarın icrası Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bərdə 7 saylı Ərazi İdarəsinə və Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edildi. Lakin Bərdə və Goranboy rayon İcra və Probasiya şöbələri arasında aidiyyət mübahisəsi olduğundan qətnamənin icrası bir qədər də yubandı”.
“Münaqişə yaranmaması üçün oradan uzaqlaşdım”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, nəhayət, 2021-ci il dekabrın 14-də Goranboy rayon icra və probasiya şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsi və Goranboy rayon polis şöbəsi əməkdaşlarının iştirakı ilə ona məxsus torpaq sahəsinə baxış keçirilib:
“Mənim torpaq sahəmin kənarlarına payalar basdırıldı. Bundan sonra 15 dekabr 2021-ci ildə həmin payaların yerinə beton dirək basdırmaq istədim. Lakin Səlmi sahəyə gələrək deyinməyə başladığından, mənimlə mübahisə etdiyindən, münaqişənin yaranmaması üçün ərazidən getdim.
Torpaq sahəsi mənə tanıdılandan və təhvil veriləndən sonra Səlmi məndən xəbərsiz torpaq sahəsində arpa əkdi. Torpağımın kənarlarına beton dirəklər badırmaq istədim. Yer palçıq olduğu üçün sahəyə traktor gətirə bilmədim”.
“Onlar traktorçunu söydülər, mən isə çıxıb evə getdim”
İlham bildirib ki, 6 fevral 2022-ci ildə Arzu adlı traktorçuya onun torpaq sahəsinin kənarlarına beton dirək basdırmaq üçün çala qazmağı xahiş edib: “Həmin gün səhər saatlarında oğlum Elbrusla birlikdə özümün idarə etdiyim “Niva” markalı avtomobillə torpaq sahəmə getdim. Bir qədər işlədikdən sonra Arzu traktorla oraya gəldi və mənə məxsus torpaq sahəsinin kənarlarında 16 çala qazdı.
Günorta Arzu çalaları qazıb yekunlaşdırdı. Bu vaxt Elbrus mənə Pərvizlə Səlminin əllərində bel qaça-qaça sahəyə doğru gəldiklərini dedi. Münaqişə yaranacağından şübhələnərək dərhal Arzunun zəhmət haqqını verdim, traktoru sürüb getməsini xahiş etdim. Mən də öz maşınımı traktorun arxasınca sürdüm və ərazidən uzaqlaşdım.
Yolda Pərviz və Səlmi Arzunun qabağını kəsdi. Maşını onların yanından sürüb keçdim, evimə getdim. Maşınla traktorun yanından keçərkən Pərvizin traktorçunu söydüyünü eşitdim. Evimə çatanda Arzu mənə zəng etdi. Dedi, ay əmi, məni niyə zibilə saldın, məni təhqir etdilər, şəklimi də çəkdilər və polisə şikayət etməklə hədələdilər. Arzuya narahat olmamağı, qanunla və sənədlə torpaq sahəsinin mənə məxsus olduğunu bildirdim”.
“Evdən bıçaq və ip götürdüm”
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 17 radələrində oğlu Elbrusla “Niva”da torpaq sahəsinə gediblər: “Evdən çıxarkən bıçaq və pres kəndiri götürdüm ki, sahədə basdırdığım dirəklərə kisələri bağlayım. Sahəyə çatdıqda Pərvizi və Səlmini orada gördüm. Onlar Arzuya qazdırdığım bütün çalaları torpaqla doldurmuşdular. Pərvizdən bunun səbəbini soruşdum. Bu vaxt Səlmi üstümə cumdu. Sinəmdən tutaraq kürəyimi maşına vurdu. Oğlumun yanında məni təhqir etdi.
Səlminin bu hərəkətindən əsəbləşdim. Əlim-ayağım əsməyə başladı. Maşına oturaraq bir qədər irəli sürdüm. Maşında gətirdiyim beton dirəkləri sahənin ayağında doldurulmamış çalalara basdırdım, oradan uzaqlaşmaq istədim. Bu səbəbdən maşını irəli sürərək qaz verdikdə Səlmi özünü maşının qabağına atdı. Maşınla Səlminin üstündən keçdim və sonra maşını saxladım.
Aşağı düşmək istədikdə Pərviz mənə yaxınlaşdı və əlindəki bellə məni vurmaq istədi. Maşına girdiyimdən zərbə mənə dəymədi. Oğluma qışıqıraraq maşından düşüb qaçmağı tapşırdım. O, sağ qapıdan düşdükdə Pərviz bellə onun çiynindən vurdu.
Elbrus maşından düşüb sahənin baş tərəfinə qaçdı. Mən sağ qapıdan düşmək istədikdə Pərviz bellə sol çiynimdən vurdu. Başımı maşının salonuna saldım, zərbədən qorunmaq istədim. Həmin vaxt ayaqaltında evdən götürdüyüm mətbəx bıçağını gördüm. Pərvizin məni vurmasına əsəbləşdim. Bıçağı maşından götürərək özümü qorumaq üçün Pərvizi vurmağa başladım. Ona neçə bıçaq zərbəsi vurduğum yadımda qalmayıb.
Bir neçə bıçaq zərbəsi vurduqdan sonra Pərvizin boyun nayihəsindən qan gəldiyini gördüm. O, qaçaraq avtomobilin sol tərəfinə keçdi. Arxasınca qaçdım, bədənindən yenə də bıçaqla vurdum.
Ancaq Pərvizin bədəninin hansı nahiyəsinə neçə bıçaq zərbəsi vurduğum dəqiq yadımda qalmayıb.
“İstəyinə çatdınmı, bədbəxt elədin bizi...”
Təqsirləndirilən şəxs deyib ki, Pərvizi bıçaqla vurduğu vaxt Səlmi maşınla vurulduğu yerdə oturub və həmin hadisəni öz gözləri ilə görüb: “Sonra Səlmiyə yaxınlaşdım. Ona “istəyinə çatdınmı, bədbəxt elədin bizi” dedim. Bu zaman Səlmi məni əli ilə tutaraq yerə yıxdı və vuraraq söyməyə başladı. Əlindən çıxmaq üçün bıçaqla ona bir neçə zərbə vurdum. Bıçaq onun boğazını kəsdi.
Sonra bıçağı və maşından termosu götürərək hadisə yerindən bir neçə metr kənarlaşdım. Bıçağı ota sildim, oğlum Elbrusa əl-üzümü yumaq üçün su gətirməyi tapşırdım. Elbrus yaxınlıqdakı arteziandan su gətirdi. Əl-üzümü yuduqdan sonra yarım fincan çay içdim. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim və törətdiyim hadisə barədə məlumat verdim.
Polis əməkdaşları gələnə qədər hadisə yerində gözlədim. Könüllü təslim oldum. Hadisə zamanı istifadə etdiyim bıçağı Səlminn meyitinin yanına atdım”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə baxılıb.
Məhkəmənin hökmü ilə İlham Haqverdiyev 20 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.