Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, baş prokurorunun müavini, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dekabrın 8-dən 10-dək Amerika Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində Dünya Bankının dəstəyi ilə Korrupsiyaya qarşı Mübarizə Aparan Təşkilatların Beynəlxalq Birliyinin (ICHA) 3-cü iclasında iştirak edib.
Korrupsiyaya qarşı mübarizə aparan 130-dan çox ölkəni təmsil edən ixtisaslaşdırılmış qurumların və istintaq orqanlarının 300-ə yaxın yüksək vəzifəli şəxsləri, habelə beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərinin təmsil olunduğu tədbiri Dünya Bankının prezidenti Cim Yen Kim və Böyük Britaniya şahzadəsi Uilyam açaraq korrupsiya və rüşvətxorluğun bəşəriyyət üçün təhlükəyə çevrildiyini, insanları daha çox narahat edən bu sosial bəlaya qarşı birgə mübarizənin aparılmasının vacibliyini bildiriblər.
İclasın korrupsiyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının fəaliyyəti adlı sessiyasında çıxış edən K.Əliyev ölkə başçısının siyasi iradəsinə uyğun olaraq Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində aparılan qanunverici və institusional islahatlar, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq barədə tədbir iştirakçılarına ətraflı məlumat verməklə, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) birgə səyləri ilə müvafiq olaraq cari ilin iyul və noyabr aylarında Bakı şəhərində keçirilmiş “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda konfransın və İACA-ya üzv və iştirakçı dövlətlərin Assambleyasının 3-cü sessiyasının əhəmiyyətini xüsusi vurğulayıb.
K.Əliyev iclasın korrupsiyanın qarşısının alınmasına həsr edilmiş sessiyasındakı çıxışında ölkə rəhbərinin təşəbbüsü ilə yaradılaraq Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə dair iştirakçılara ətraflı məlumat verib. Xidmətin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti, korrupsiyanın qarşısının alınmasında önəmli rolu və bütövlükdə bu sahədə ölkəmizdə aparılan işlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq təqdir olunub.
Tədbirdə K.Əliyev Dünya bankının və Dələduzluqla mübarizə üzrə Avropa bürosunun (OLAF) yüksək rəsmiləri ilə ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb.
Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyev dekabrın 11-dək 12-dək Fransanın paytaxtı Paris şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (UNODC), İqtisadi inkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), Dünya Bankı, Beynəlxalq Şəffaflıq Təşkilatının dəstəyi ilə korrupsiyaya qarşı mübarizədə ən müsbət təcrübələr və gələcək əməkdaşlıq adlı Simpoziumda iştirak edib.
Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində ən qabaqcıl təcrübəyə malik olan 50-yə yaxın beynəlxalq təşkilatların nümayəndələri iştirak etməklə, uzun illər əldə etdikləri təcrübəni iştirakçılarla bölüşüb, təqdimatlarla çıxışlar edib.
Simpoziumda çıxış edən K.Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatlar, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər, “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq, xüsusilə Baş İdarəinin Litva Xüsusi İstintaq İdarəsi ilə birgə həyata keçirdiyi və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramının əhəmiyyəti barədə ətraflı məlumat verib. Habelə korrupsiyanın qarşısının alınmasında önəmli rolu olan və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə iştirakçıları məlumatlandırmaqla, çoxsaylı suallarını cavablandırıb.
Tədbirdə Litva Respublikasının Xüsusi İstintaq İdarəsinin rəis müavini Zidrunas Bartkus çıxış edərək Avropa İttifaqının Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə həyata keçirilmiş Tvinninq Proqramının Avropadakı layihələr sırasında ən uğurlu olmasını və bunun Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradənin mövcudluğu sayəsində mümkün olduğunu xüsusi qeyd edib.
Simpozumun sonunda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tıdbirləri özündə əks etdirən bukletlər tədbir iştirakçılarına paylanıb.
Hacı Zeynalov