19 Dekabr 2022 16:06
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda 1987-ci il təvəllüdlü Vüqar oğurluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 9-da baş verib.

“Texno Mart” mağazasının giriş qapısının şüşəsini daş parçası ilə sındıran Vüqar oradan mobil telefonlar, 1 ədəd smart qol saatı oğurlayıb. Mağaza sahibinə ümumilikdə 11064 manat məbləğində ziyan vurulub.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar bildirib ki, maddi cəhətdən sıxıntılar keçirir, anası xəstədir, dərman almağa pulu yoxdur: “Özüm də İşləmirəm. Bu səbəbdən çıxış yolu kimi oğurluq etmək qərarına gəldim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 8 mart 2022-ci ildə saat 17 radələrində evdən çıxaraq Bakı şəhəri ərazisində gecəyə kimi gəzib: “Martın 9-a keçən gecə saat 3 radələrində Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ərazisində “Texno Mart” adlı mağazanın yanından keçəndə oranın nəzarətsiz olduğunu, içəridəki mobil telefonların qutularının açıq qoyulduğunu gördüm. Yerdən daş götürdüm və mağazanın pəncərəsini sındırıb içəri daxil oldum.

Vitrində olan bir ədəd “İphone 13 Pro Max”, bir ədəd “İphone 13”, bir ədəd “İphone SE”, bir ədəd “İphone 11”, bir ədəd “İphone 12” mobil telefonunuı, bir ədəd “Lenovo” markalı qol saatı oğurlayaraq mağazadan çıxdım”.

Vüqar qeyd edib ki, həmin telefonları səhər saatlarında "28 May" metrosu ərazisində yerləşən mağazalara satıb: “Belə ki, “İphone 13 Pro Max” markalı mobil telefonu “Bakcell” dükanına 2200 manata, “İphone 13” markalı mobil telefonu adını xatırlamadığım dükana 1280 manata, “İphone 12” və “İphone SE” markalı mobil telefonları isə Puşkin küçəsində yerləşən “Azercell” dükanına ümumilikdə 1200 manata satdım. Telefonların özümə aid olduğunu, pul lazımdı deyə satdığımı bildirdim. Hər üç dükana telefonları şəxsiyyət vəsiqəm vasitəsi ilə satmışam. “Lenovo” markalı qol saatını isə itirmişəm”.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Vüqar 1 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı ərazi olan Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


Müəllif: Hacı Zeynalov