26 Dekabr 2022 11:46
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan 1969-cu il təvəllüdlü Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə azyaşlı Məhəmmədin anası Reyhan Şıxəliyeva və atası Elgün Nəsirov ifadə verib.

Qeyd edək ki, azyaşlının valideynləri məhkəməyə çağırılsalar da, onlar vaxtında məhkəməyə gəlməyiblər. Bu səbəbdən məhkəmə onların məcburi gətirilmələri barədə qərar qəbul edib. Onlar polis tərəfindən məhkəməyə gətirilib və hər ikisi şahid kimi dindirilib.

Reyhan Şıxəliyeva deyib ki, “8-ci kilometr bazarı”nda limon satır, həmin vaxt da işdə olub. Onun sözlərinə görə, uşaq oğurlananda həyat yoldaşı da mağazaya gedib və uşağın yanında ancaq böyük qızı olub: “Bu qadını məhəllədə görürdüm. Bir dəfə bizim evdə olub, demişdi ki, yardım düzəltməyə kömək eləyəcək”.

Reyhun Şıxəliyevadan narkotik istifadəçisi olub-olmadığı soruşulub. O, qəti şəkildə bunu təkzib edib. Lakin onun nəzərinə çatdırılıb ki, ekspertiza həm onun, həm də həyat yoldaşının ağır dərəcədə narkotik asılılığı haqda rəy verib. Bu haqda sənədlər var. Bundan sonra narkotik istifadəçiləri olmalarını təsdiqləyib.

Təqsirləndirilən Gültəkin Muradova isə deyib ki, uşağı oğurlamayıb, 3 min manat qarşılığında alıb: “Çünki valideynləri Məhəmməd də daxil olmaqla, 4 uşağın heç birinə normal şəkildə baxmırdı. Mənim də uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim də övladım yox idi”.

Uşağın atası Elgün Nəsirov onu satması haqda iddianı təkzib edib və Gültəkin Muradovanın Məhəmmədi oğurladığını bildirib.

Bununla belə, o, şikayətçi olmadığını da deyib və bu barədə məhkəməyə yazılı ərizə təqdim edib: “Mən uşağı satmamışam, bu barədə deyilənlər böhtandır. Amma ondan şikayətçi deyiləm”.

İttihama görə, Gültəkin Muradova Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki evlərdən birində qeyri-rəsmi nikahda yaşadığı şəxslə birlikdə kirayə qalıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürərək saxlamaq qərarına gəlib. Bu məqsədlə ətrafda olan yaşayış massivlərini gəzib.

Qeyd olunub ki, Gültəkin Muradova oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.

O, 2 yaşlı Məhəmməd Şıxəliyevin yaşadığı evdə də özünü yardımsevər şəxs kimi təqdim edib, ailəyə yardım gətirəcəyini deyib.

2021-ci ilin dekabrın 29-da yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt 2 yaşlı uşaq bacısı Firuzənin yanında olub.

Gültəkin Muradova uşağı aparanda Firuzə Şıxəliyeva ona etiraz edib, qardaşını hara apardığını soruşub. 10 günə yaxın uşağı saxlayıb. 2022-ci il yanvarın 8-də hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində uşaq tapılıb və anasına təhvil verilib.

İstintaq orqanı tərəfindən Gültəkin Muradovanın barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər