Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə Mövlam Şıxəliyevin istintaq təcridxanasından məhkəməyə 6 vəsatət yolladığı məlum olub. O həmin vəsatətlərin məhkəmə tərəfindən alınıb-alınmaması ilə maraqlanıb. Məhkəmə katibi vəsatətlərin məhkəməyə daxil olmadığını deyib.
Bundan sonra Sahib Ələkbərov vəsatətlə çıxış edib. 10-a yaxın xəstəliyini sadalamaqla təcridxana şəraitində müalicə ala bilmədiyini diqqətə çatdırıb. O, barəsidəki hökmün ehtimallara əsaslandığını vurğulayıb: “Hökm məhkəmə istintaqı zamanı araşdırılmış obyektiv sübutlara əsaslanmadığından ləğv edilərək dəyişdirilməlidir. Xahiş edirəm ki, bərəmdə seçilmiş həbs qətiimkan tədbiri həbslə əlaqəli olmayan qətiimkan tədbiri ilə əvəzlənsin. Məhkəmə yekunlaşandan sonra sübut olunsa ki, ittihamda sadalanan cinayətləri törətmişəm, onda yenidən məni həbs edib, azadlıqdan məhrumetmə cəzasına məhkum edə bilərsiniz”.
Sahib Ələkbərovun digər vəsatəti apellyasiya şikayətinə qismən istintaq aparılmaqla baxılması ilə əlaqədar olub: “Mənə ittiham verirlər ki, hər hansı bir istintaq aparmadan adamı çağırıb cinayət məsuliyyətinə cəlb etmişəm. Mən də deyirəm ki, istintaq aparmışam, cinayət işinin materiallarında həmin iş var. Həmin cinayət işi bura gəlmədən, obyektiv araşdırılmadan, məhkəmə hökmü ilə tanış olmadan işə baxıla bilməz. Həmin adamın barəsində Milli Təhlükəsizlyi Nazirliyinin Hərbi Tibb İdarəsi həkimlərinin arayışı var. 2 həftə ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisində müalicə alıb. Arayışlar var ki, ağır xəstəlikdən əziyyət çəkir, təcridxana şəraitində saxlana bilməz. Ekspert rəy verir ki, epleptik tutmaları olur. Bu günə qədər də ekspert rəyi qüvvədədir. Həmin şəxsin başında şiş vardı və bayılmalarına səbəb olurdu”.
Zərərçəkən Qulam Bağırov uca səslə Sahib Ələkbərovu yalan danışmaqda ittiham edib. Hakim isə zərərçəkəndən müdaxilə etməməsini deyib.
Daha sonra hakim Sahib Ələkbərova çıxışnı dayandırmasını, vəsatətlərini konkretləşdirməsini istəyib.
Sahib Ələkbərovun 3-cü vəsatəti ağır xəstəlikdən əziyyət çəkib-çəkməməsinin aydınlaşdırmaq üçün Bakı İsitntaq Təcridxanasına sorğu göndərilməsi ilə bağlı olub.
Daha sonra digər təqsirləndirilənlər Vüsal Ələkbərovla Yasin Məmmədov da barələrindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlə çıxış ediblər.
Yasin Məmmədov deyib ki, Mövlam Şıxəliyev ona nifrət edir: “Mən də Mövlam Şıxəliyevə nifrət edirəm. Onun mənə hörməti olmayıb, mənim ona vəzifəsinə görə hörmətim olub. Təhsin Ağayev alçaq idarə rəisi olub, baş idarənin rəis müavini olub. O, mənə qarşı düşmənçilik edib, mübarizə aparıb. Mən də bunlarla mübarizə aparmışam, dövlətin mənafeyinə xidmət etmişəm. Bu gün bu adamla məni necə birləşdirib birgə pul alıb-verilməsində ittiham etmək olar? Bu harada yazılıb, hansı qanunda var?
Həyatım boyu bununla münasibətlərim gərgin olub. Bütün respublika bilir ki, bununla mənim münasibətlərim gərgin olub. Həyatımı məhv edib. Rütbə almağa qoymayıb, ev almağa qoymayıb. Belə ittiham verərlər? İki düşmən adam pul alıb-verər? Bu adamla münasbətlərim bəllidir. Eldar Mahmudovu tanımıram, ümumiyyətlə 1 dəfə olsun belə ünsiyyətdə də olmamışam. Mən 2016-2021-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətində işləmişəm. İdarə rəisinin müavini olmuşam. Ustalıq dərəcələrim var. 5-6 medal almışam”.
Yasın Məmmədov daha sonra qeyd edib ki, korrupsiyaya qarşı mübarizə aparıb, bu işdə canını qurban verib: “2015-ci ilə qədər Milli Təhlükəsizliyi Nazirliyinin yaratdığı neqativ halları aradan qaldırmaq üçün gecə-gündüz işdə yatmışam. O haqsızlığı, o ədalətsizliyi aradan qaldırmaq üçün canımı qurban vermişəm. O neqativ halları mən aradan qaldırmışam. Əgər cinayət eləmişdimsə, 2015-ci ildən 2021-ci ilə qədər Dövlət Təhlükəsizliyi Xidmətində necə işləmişəm? Dövlət əhəmiyyətli işləri aparmışam. Böyük xidmətlərim olub.
Mən işdən vaxtsız çıxmışam. Çünki vaxtında Mövlam Şıxəliyev məni yüksəlməyə qoymayıb. Sonra da sənədlərimi vəkilliyə verdim.1 il keçəndən sonra isə məni istintaqa çağırdılar ki, guya kimdənsə pul almışam. Araşdırıb xitam vermək əvəzinə, mənə qanunsuz olaraq ittiham verilib. Əsəblərim pozuldu. 1 il məhkəmə getdi, nə boyda təzyiq göstərdilər. Birinin əlinə çəlik verib məhkəmədə şou göstərdlər, mətbuat da çəkib göstərdi. Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy müəllim də təsir altına düşüb barəmizdə hökm çıxardı. Mənim əsəblərim pozulub. Həyatım boyu ağır dərmanla qəbul edərək yatmalıyam. Mən təcridxanada 8 saat yatmıram. Əgər mənim günahım var idisə, məni 2015-də tutardılar. Hörmətli hakim, sizdən xahiş edərəm ki, vəsatətimi təmin edəsiniz, ev distaqlığına buraxasınız”.
Zərərçəkən Hüseyn Səfərovun Yasin Məmmədovun vəsatəti ilə bağlı münaisbəti belə olub: “Deyir ki, Mövlam Şıxəliyevlə düşmən mövqeyindəyik. Bu gün ikisini bir yerə salmısız. Onlar bir-birini vurub öldürə bilərlər. Xahiş edirəm ki, Yasin Məmmədovu qəfəsdən çıxarıb zalda oturmasını təmin edin. Qoy gəlib otursun yanımızda, sözünü desin”.
Mövlam Şıxəliyev də keçmiş işçisinin vəsatətinə münasibət bildirib: “Mən bununla necə işbirliyində olub rüşvət almışam? 16 min səhifə, 54 cild cinayət işidir, prokuror 1 səhifəsini də oxumamış deyir ki, mötəbər sübutlarla təsdiqini tapıb”.
Hakim:
-Neçə cild?
Mövlam Şıxəliyev:
-54 cild.
Hakim:
-Bu cinayət işi?
Mövlam Şıxəliyev:
-Bəli. Perokuror 1 səhifəsini oxumayıb. Amma biz nöqtəsinə, vergülünə qədər oxumuşuq.
Bundan sonra hakim müttəhimlərin ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatəti müzakirəyə çıxarıb.
Zərərçəkənlərin vəsatətlərə münasibətdə mövqeyi fərqli olub. Zərərçəkən Hüseyn Səfərov bildirib ki, müttəhimlər hazırda zərərçəkən statusunda olan şəxslərə qarşı eyni ssenari üzrə cinayət törədiblər: “Qanunsuz olaraq həbs edirdilər, yalançı ittiham verirdilər, hədə-qorxu ilə tələb etdikləri pulu alandan sonra saxta həkim arayışları alıb tutduqları şəxsi buraxırdılar. Şəxsən məni 67 gün saxladılar, ailəmdən pulu alandan sonra məni buraxdılar. Vüsal Ələkbərova həbs qəti-imkan tədbirini dəyişmək düşür? Mənim qanunsuz həbsimdən sonra həyat yoldaşım yataq xəstəliyinə düşüb. Nə toya, nə yasa gedə bilir. Bundalın barəsində ev dustaqlığı dəyişdirilə bilməz, içəridə yatmalıdırlar”.
Əfsəl Həsənəliyev müttəhimlərin vəkillərinin vəsatətlərlə bağlı uydurma fikirlər səsləndirdiklərini deyib: “Burada elə danışırlar ki, guya bunlar cinayət törətməyiblər. Lazımdırsa, işi qaytarın istintaqa, təkcə mənim epizodumu təkrar araşdırsınlar, görün bunların belini yerə vururam, yoxsa yox. Bizə qarşı cinayət törədiblər, həbsdə qalmalıdırlar”.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. Məhkəmə Sahib Ələkbərovun saxlanıldığı təcridxanaya sağlıq durumu ilə bağlı sorğu göndərilməsinə dair vəsatətinə münasibət bildirilb. Qeyd olunub ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsi var və hər hansı bir problemi varsa, ora köçürülməklə müalicə ala bilər. Bu vəsatətin də təmin olunmaması istəyib.
Sahib Ələkbərovun məhkəmənin qismən istintaq aparılmaqla keçirilməsinə dair vəsatəti də təmin olunmayıb.
Daha sonra zərərçəkən Zaur Əliyev vəsatətlə çıxış edib. Bildirib ki, məhkəmənin hazırlıq iclasında eyni məzmunlu vəsatətlə çıxış edib, lakin həmin vəsatətə məhkəmə münasibət bildirməyib: “Bu günki gündə məhkəmə qarşısında olan mütəşəkkil cinayətkar dəstə cinayətlərini bir günün içində törətməyib. 2004-cü ildən 2015-ci ilə qədər Mövlam Şıxəliyev millətə qan uddurub”.
Mövlam Şıxəliyev və vəkilləri buna etiraz ediblər.
Zaur Əliyev:
-Xahiş edirəm müdaxilə etməyin, imkan verin, vəsatətimi çatdırım. Mövlam Şıxəliyev “Ələddin və 40 quldur”da olduğu kimi quldurluq edib. Bu adamlar gündüzlər dövlət vəzifəsini yerinə yetiriblər, axşamlar quldurluq ediblər. Bu mütəşəkkil cinayətkar quldur dəstə təkcə bunlardan ibarət deyil. Mövlam Şıxəliyev və başının dəstəsinin cinayətlərində baş prokuror Zakir Qaralov da, onun müavini Rüstəm Usubov da, məhkəmə hakimi...
Mövlam Şıxəliyev zərərçəkmiş şəxsin çıxışına yenə də müdaxilə edib və deyib ki, quldur özüdür, bizi təhqir edir.
Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov vəsatəti dinləmədən məhkəmə zalından çıxıb. Mövlam Şıxəliyev digər vəkili Arzu Cavadovdan da məhkəmə zalından çıxmasını tələb edib. Hakim Arzu Cavadovun və Ceyhun Yusifovun məhkəmə zalına qayıtmalarını tələb edib.
Mövlam Şıxəliyev isə təhqir edildikləri deməklə Zaur Əliyevə vəsatətini səsləndirməyə mane olub.
Hakim zərərçəkənə vəsatəti səsləndirməsinə şərait yaradıb. Hakim yaranmış gərginlikdən çıxış yolu kimi yazılı şəkildə olan vəsatəti zərərçəkəndən alıb və özü səsləndirib.
Hakim deyib: “Zərərçəkən xahiş edir ki, sabiq baş prokuror Zakir Qaralov, baş prokurorun sabiq müavini Rüstəm Usubov, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Əfqan Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri Qulubəyov Mamay, Rafiq Abdullayev, vətəndaş Arif Allahverdiyev, Milli Təhlükəsizliyi Nazirliyinin İstintaq Baş İdarəsində rəis müavini işləmiş Təhsin Ağayev məhkəməyə dəvət olunaraq dindirilsinlər.
Hakim bildirib ki, məhkəmənin hazırlıq iclasında prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsi qərar alınıb:
-Məhkəmə istintaqı aparılmırsa, əlavə sübutlar tələb olunmursa və bu elan edilirsə, vəsatətdə göstərilən şəxslərin dindirilməsi zərurəti də qalmır.
Zaur Əliyevin vəkili Osman Kazımov vəsatəti müdafiə edib, məhkəmənin qismən istintaqla aparılmasını və vəsatətdə göstərilən şəxslərin məhkəmədə dindirilmələrinin təmin olunmasını xahiş edib.
Osman Kazımov əlavə edib ki, Zakir Qaralovla Rüstəm Usubovun məhkəmədə dindirilmələri üçün əsaslar var.
Zərərçəkən Əfsəl Həsənəliyev də Zakir Qaralovla Rüstəm Usubovun məhkəmədə dindirilmələrini israrla tələb edib: "Bunların cinayətlərinə onlar şərik olublar, gəlsinlər bura, suallarımız var”.
Hüseyn Səfərov hakimin diqqətinə çatdırıb ki, həmin şəxslər dindirilməlidir: “Möhtərəm hakim, Türkiyədə “Kurtlar vadisi” serialı çəkilib, həmin bunlar da Azərbaycanda həmin serialda olduğu kimi “Çaqqallar vadisi” qurublar. Mən də bunlar haqqında “Çaqqallar vadisi” filmi çəkdirirəm. Bu gün, sabah həmin filmi də yayacağam”.
Məhkəmə Zaur Əliyevin vəsatətlərinin təmin olunmadığını elan edib. Bundan sonra hakim Mövlam Şıxəliyevə çıxış etməsini təklif edib. Vəkili ilə məsləhətləşəndən sonra Mövlam Şıxəliyev çıxışa hazır olmadığını açıqlayıb. Digər mütəhimlər isə Mövlam Şıxəliyevin çıxışından sonra danışacaqlarını deyiblər.
Növbəti proses yanvarın 9-da davam edəcək.
Qeyd edək ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir.
“Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyatı məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.
Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.
Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.
Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.
Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.
İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.