17 Dekabr 2014 12:45
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gömrükçüləri daxili orqanlarında, ümumilikdə 400 qramdan artıq narkotik vasitəni ölkə sərhədindən keçirmək istəyən daha 2 qadını saxlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, fakt Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda aşkar edilib.

İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşları Şahsuvarova Fəridə Məmməd qızı və Şahsuvarova Səyyarə Elxan qızı saxlanılaraq onların üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı Şahsuvarova Səyyarə Elxan qızından gömrük nəzarətindən gizlədilmiş uzunsov formalı bükümlərdə ümumi xalis çəkisi 149,038 qram narkotik vasitə-heroin və xalis çəkisi 3,971 qram psixotrop maddə-metamfetamin, Şahsuvarova Fəridə Məmməd qızından isə ümumi xalis çəkisi 251,688 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı təəssüfdoğurucu hal isə ondan ibarətdir ki, Şahsuvarova Fəridə Məmməd qızı Şahsuvarova Səyyarə Elxan qızının anasıdır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, son dövrdə Azərbaycan Respublikasının gömrük sərhədindən narkotik vasitələri keçirmək istəyən narkokuryerlər arasında qadınlara tez tez rast gəlinir.

NAİBƏ


Müəllif:

Oxşar xəbərlər