Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Rafiq Hüseynov və Xatirə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Rafiq Hüseynov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov və onun mütəşəkkil dəstəsinin üzvləri ilə birlikdə mühakimə edilib.
Orxan Kərimov, həmçinin “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib. Ürək xəstəliyindən əziyyət çəkən Orxan Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və qərara görə, təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.
Rafiq Hüseynovun əməlində başqa cinayətlər üzə çıxıb və bu səbəbdən onun barəsində hüquq-mühafizə orqanlarında yenidən istintaq hərəkətləri aparılıb. Rafiq Hüseynov Xatirə Əhmədova ilə bir neçə epizod üzrə rüşvət alma ittihamı aşkarlanıb. Onlara Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə ittiham verilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Daha sonra iş üzrə şahidlər tərəflərin suallarını cavablandırıblar. Daha sonra hakim bildirib ki, cinayət işi üzrə adı keçən şahidlərin dindirilməsi başa çatıb. Prosesdə tərəflərin fikirlərini öyrənən hakim heyəti məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazır olmadığını deyib və hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə iclası yanvarın 15-nə təyin edilib.
Hacı Zeynalov