Daxili İşlər Nazirliyi Şamaxı rayonunda baş verən qətl hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə dekabrın 15-də qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndində Füzuli rayon sakini Ceyhun Qurbanovun boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti “AzSamand” markalı avtomobilinin yük yerində tapılıb. Araşdırmalar aparılması üçün Şamaxı rayon Polis Şöbəsinə təhvil verilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Zaqatala rayon sakini Mark Süleymanov və Ağdam rayon sakini Pərviz Qasımov Zaqatala rayonu ərazisində tutulub və Şamaxı rayon prokurorluğuna təhvil veriliblər.
Qeyd edək ki, dekabrın 15-də taksi kimi fəaliyyət göstərən 99-AY-869 dövlət nömrə nişanlı, “Azsamand” markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması barədə məlumat əsasında hadisə yerinə gələn yol polisi əməkdaşları maşının yanında sürücünü tapmayıblar. Daha sonra sürücünün meyiti avtomobilin yük yerində aşkarlanıb.
Müəyyən olunub ki, qətlə yetirilən sürücü Füzuli rayonundan olan və Bakının Maştağa qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Qurbanov Ceyhun İmaş oğludur. Onun meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsində müayinə olunub. Ceyhun Qurbanovun kəndirlə boğulduğu, ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Hacı Zeynalov