Bu gün Bakı Apelyasiya Məhkəməsində daxili işlər naziri Ramil Usubovun şikayəti əsasında Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında cəzalandırılması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsinin hökmü ilə Elədiniz Quliyev 480 saat ictimai işlərə cəlb edilib, 1000 manat cərimə olunub. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb.
Hökmdən narazı qalan Eldəniz Quliyev apelyasiya şikayəti verib. O, şikayətində birinci məhkəmə instansiyasının ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Eldəniz Quliyevin vəkillərinin apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatətləri təmin edilməyib. Məhkəmə qərara gəlib ki, şikayətə məhkəmə istintaqı aparılmadan baxılaxaq.
Eldəniz Quliyevin vəkilləri məhkəmə qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib. Onlar kasasiya şikayətlərində apelyasiya instansiyasında işə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər. Apelyasiya instansiyasının hakimləri apelyasiya şikayətinə baxılmasını dayandırıblar və kasasiya şikayətinə baxılması üçün iş materiallarını Ali Məhkəməyə göndəriblər.
Qeyd edək ki, Ramil Usubov Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri məhkəmədə iddia ərizəsi qaldırıb
Hacı Zeynalov