19 Dekabr 2014 16:55
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibə Qafarova: “Dəyişikliklər KİV-lərin qanuni fəaliyyətinin dəstəklənməsinə xidmət edir”

““Kütləvi İnformasiya Vasitələri haqqında” qanun kifayət qədər əhatəlidir və beynəlxalq standartlara tam cavab verir. Bu qanun KİV-lərin fəaliyyətinə tam hüquqi əsas yaradır və onların uğurlu fəaliyyətini təmin etməyə imkan verir”. Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin üzvü Sahibə Qafarova “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib. O deyib ki, bununla belə, zaman keçir, Azərbaycan sürətlə inkişaf edir, şərtlər dəyişir. Ona görə də 15 il əvvəl qəbul olunmuş bu qanuna dəyişikliklər etmək zərurəti təbiidir.

Deputat hesab edir ki, xüsusən, yeni dövrdə KİV-lərin fəaliyyəti 15 il əvvəllə müqayisədə əsaslı şəkildə fərqlənir, tam yeni standartlar, meyarlar meydana gəlib: “Bununla belə, müstəqilliyin ilk illərində, müəyyən problemlərin yaratdığı fəsadların əksəriyyətini tam aradan qaldırmaq mümkün olsa da, bəzi problemlər hələ də qalmaqdadır. Bu, sırada “reket jurnalistikası” adlanan problemi qeyd etmək olar. Bir də görürsən ki, hansısa məqsədə xidmət edən qəzet ictimaiyyət arasında kifayət qədər nüfuzu olan bir qəzetin adının sonuna “plyus”, “xəbər”, “nyus” və sair sözləri əlavə etməklə həmin mətbuat orqanının nüfuzundan özünün qeyri-qanuni, medianın başlıca prinsip və məqsədlərinə uyğun gəlməyən niyyətlərini gerçəkləşdirmək istəyir. Ya da təcrübədə bunun da şahidi olmuşuq ki, hansısa dövlət strukturunun adından istifadə etmək cəhdləri də olur. Təklif olunan dəyişikliklər bunun qarşısını alacaq. Əlbəttə, son dövrlər istər dövlət strukturlarının, istərsə də Mətbuat Şurasının gördüyü işlər “reket jurnalistikası”nın fəaliyyət sferasını daraldıb”.

S.Qafarova, həmçinin deyib ki, son dövrlər baş verən hadisələr qərəzli, təsdiqlənməmiş, qeyri-dəqiq məlumatların bir çox hallarda ictimai və dövlət maraqlarını böyük təhlükə qarşısında qoyduğunu sübut edib: “Bu işdə xüsusilə, bir sıra xarici dairələr tərəfindən maliyyələşdirilən, onların təlimat və tapşırıqları ilə fəaliyyət göstərən KİV-lər rol almışdılar. Yeni dəyişikliklər qeyd olunan problemlərin aradan qaldırılmasını təmin etməklə bərabər, KİV-lərin qanuni fəaliyyətinin dəstəklənməsinə xidmət edir. Düşünürəm ki, bu dəyişikliklər əhəmiyyətli və dövrün tələblərinə uyğundur”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər