Zaqatalada fərdi yaşayış evində yanğın olub. Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Teleqraf.com-un məlumatına görə, yanğın dekabrın 20-si axşam saatlarında rayonun Əliabad qəsəbəsində, Rövşən Mövlud oğlu Musayevə məxsus, ümumi sahəsi 200 kv/m olan ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin tavan hissəsində baş verib.
Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşıb. Yanğın nəticəsində evin ikinci mərtəbəsinin tavan hissəsindən 10 kv/m sahə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.