Birinci Qarabağ müharibəsində xidmətlərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Rasim Əkbərovu qətlə yetirməyə cəhd etməkdə təqsirli bilinən Xaliq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.
Xaliq Məmmədov cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2021-ci ilin sentyabrında Goranboy şəhərində baş verib. Xaliq Məmmədov Rasim Əkbərova bıçaqla bir neçə zərbə endirib.
Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən Rasim Əkbərovun həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən Xaliq Məmmədov hadisəni yaxını olan bir qadına görə törətdiyini deyib.
1957-ci ildə Goranboyda anadan olmuş Rasim Əkbərov 90-cı illərin əvvəlində elə bu rayondakı N saylı hərbi hissənin komandiri olub. O dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə 23 iyun 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. 1 yanvar 1994-cü ildə isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
O, 90-cı illərin sonunda dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən Rasim Əkbərovdan eyni zamanda, fəxri ad və ordeni də alınıb.
Prezident 18 iyul 2001-ci ildə onun “Azərbaycanın Milli Qəhrəmanı” adı və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilməsi haqda fərman imzalayıb. O, 2008-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Rasim Əkbərovun atası Ağa Əkbərov 1994-2000-ci illərdə Goranboy rayonunun icra başçısı olub.
İstintaq orqanı tərəfindən Xaliq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.