Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Korol” gecə klubunun qarşısında qətl hadisəsi törətməkdə təqsirli bilinən Emin Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü il iyulun 31-də səhər saatlarında Bülbül küçəsində yerləşən “Korol” gecə klubunun qarşısında baş verib. Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayevin bıçaq xəsarətilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs, Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib. Emin Ağazadə bildirib ki, gecə klubun qarşısında Vüsal Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb.
Bu zaman Emin Ağazadə üstündə gəzdirdiyi bıçaqla Vüsal Abdullayevə ürəyindən bir zərbə endirib. Emin ətrafdakı insanları da bıçaqla hədələyərək hadisə yerindən qaçıb. Yolda bıçağı ataraq yaşadığı evə gedib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror çıxışının sonunda Emin Ağazadənin 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Emin Ağazadənin vəkili çıxış edərək müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş edib. Daha sonra Emin Ağazadə çıxış etməyə hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə iclası yanvarın 7-də davam edəcək.
Hacı Zeynalov