24 Yanvar 2023 15:27
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda anasını qətlə yetirməkdə ittiham olunan 2007-ci il təvəllüdlü İdeal Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı tamamlanıb və prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror deyib ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham düzgün tövsif edilib və o, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəzalandırılmalıdır.

Prokuror qeyd edib ki, İdeal Məmmədzadə qətli 14 yaşına törədib və hazırda 15 yaşı var. Prokuror həmçinin bildirib ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi, nənəsi ilə barışıb, ona qarşı şikayəti yoxdur.

Prokuror onun 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Həmçinin hakim bildirib ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə məktub göndərib. Qeyd edib ki, təqsirləndirilən şəxslə, onun qanuni nümayəndəsi, atası ilə barışıb, ona qarşı şikayəti yoxdur.

Təqsirləndirilən şəxsin vəkili məhkəmədən vaxt istəyib.

Bu səbəbdən növbəti proses fevralın 2-ə təyin olunub.

İttihama görə, ötən il aprelin 20-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, İdeal Məmmədzadə qısqanclıq zəminində metronun “Neftçilər” stansiyasının yaxınlığında anası Ülviyyə İsmayılova ilə mübahisə edib.

Mübahisə zamanı o, anasını bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən İdeal Məmmədzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov