25 Yanvar 2023 22:46
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin sədirliyi ilə baş tutub.

Keçmiş icra başçısını iki vəkil müdafiə edib. Proses daha öncə keçirilən məhkəmənin davamı olub.

Dindirilən şahidlər onlara dövlət tərəfindən ayrılan vəsaitlərin sonradan Şəmkir rayon İcra Hakimiyyətnin bəzi rəsmiləri tərəfindən qeyri-qanuni yığılması üzrə ifadələr verib. Məlum olub ki, 2019-cu ildə Alimpaşa Məmmədovun birinci müavini vəzifəsində işləyən Qüdrət Əliyev Şəmkir Olimpia İdman Kompleksində kənd icra nümayəndələri, onların müavinlərini və digər səlahiyyətli şəxsləri yığaraq iclas keçirib. İclasda hər sayıcı və təlimatçıdan yüz manat məbləğində vəsaitin yığılması tapşırığı verilib. Kənd icra nümayəndələri də həmin məbləğləri yığaraq Alimpaşa Məmmədova yaxın sayılan şəxslərə verib.

Bu dəfəki məhkəmə prosesində daha çox Dəllər qəsəbəsindən olan şahidlər dindirilib. Qəsəbənin icra nümayəndəsi Müseyib Vəliyev sayıcı və təlimatçıların hər birindən 100 manat dəyərində vəsait alıb. Həmin vəsaitlər bir başa onun özünə və bir vaxtlar köməkçisi olan İsmayıl adlı şəxsə verilib.

Prosesdə həmçinin Qapanlı, Sabirkənd icra nüaməyndələri də ifadə verib. Verilən ifadələr də bənzər olub. Pul vəsaitlərinin yığılmasına səbəb kimi siyahıya alma ilə bağlı işlərin vaxtında çatdrılmadığı əsas gətirilib. Hakim və dövlət ittihamçısı şahid kimi çağırılan şəxslərə “siz pulları icra nümayəndələri və müavinlərinə verərkən soruşmadınız nə üçün veririk” sualını ünvanlayıb. Şahidlər isə bildirib ki, onlara pulların yuxarı çatacağı deyilib.

Məhkəmə prosesi təxminən 2-saata yaxın davam edib.

Məlumat üçün bildirək ki, sabiq icra başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com