27 Yanvar 14:10
2 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda 2000-ci il təvəllüdlü Rəşad Musayev həmkəndlisi Toğrul Abdullayevi qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi 2021-ci il iyunun 28-də baş verib. Həmin gün gecə saat 1 radələrində Toğrul qətlə yetirilib.

Müəyyən edilib ki, Toğrul həmkəndlisi Rəşadla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Rəşad qayçı ilə Toğrulun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirib. Toğrul aldığı xəsarətdən xəstəxanada ölüb.

İstintaq orqanı tərəfindən Rəşadın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə deyil, həmin məcəllənin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Rəşad bildirib ki, həbs edilənədək Bərdə rayonunun İmirli kəndində yaşayıb: “Toğrulu tanıyıram, onunla dostluq münasibətim olub. Bir yerdə kənd ərazisində əkin sahələrini suvarmışıq. Hadisə günü Toğrul mənə zəng etdi, görüşmək istədiyini bildirdi. Mənə maşını üçün benzin alacağımı da söylədi. Kənddəki dükandan 1 litr benzin aldım, onların evinə getdim.

Toğruldan başqa qardaşı İlham da evdəydi. İlham məndən “Ruskaya vodka” arağı almağı xahiş etdi. Bu məqsədlə mənə 7 manat verdi. Dükana getdim və həmin araqdan tapa bilməyərək geri qayıtdım. Toğrulla birlikdə yenidən dükana gələrək adını xatırlamadığım litrlik başqa araq aldıq.

Toğrul qardaşı ilə evdə yemək yeyərək araq içdi. Mən isə çöldə maşını təmir etməyə başladım. Təxminən 25 dəqiqə sonra Toğrul evdən çıxdı və biz balıq tutmaq üçün kənd ərazisindən keçən kanala getməyi qərara aldıq.

Toğrul sərxoş halda nəqliyyat vasitəsini idarə etməyə başladı. Xanərəb kəndi ərazisinə çatanda maşından düşərək səbəbsiz yerə söyüş söymək istəyəndə ona imkan vermədim. O, Xanərəbdə maşını su arxına saldı. Yoldan keçən tanımadığım adamın köməyi ilə maşını arxdan çıxardıq. Toğrul maşını arxdan çıxardıqdan sonra məni yolda qoyaraq getdi. Sərxoş olduğu üçün bir neçə metr sonra yenidən maşını arxa salaraq dayandı. Kənd sakinlərinin və mənim köməyimlə maşını yenə arxdan çıxardıq”.

Rəşadın sözlərinə görə, daha sonra Toğrul ona kənddə Sərxan Məmmədova məxsus fermada işinin olduğunu deyib: “Saat təxminən 19 radələrində Toğrulla fermaya gəldik. Fermada işlərin görüldüynü və mənə ehtiyac olmadığını gördüm, piyada evə getdim. Ferma ilə evimizin arasında təxminən 100 metr məsafə var.

Toğrul arxamca maşını sürətlə sürərək gəldiyindən ətraf toz dumana bürüdü. Bu vəziyyəti görən atam Toğrula zəng etdi, bir daha sərxoş halda və sürətlə maşını qapımızın qarşısında sürməməyini dedi. Evdə yemək yedikdən sonra saat 19.30-da kənd ərazisində olan çayxanaya çıxdım.

Çayxananın qarşısında Toğrul məni gördü. Əlində olan qarğıdalını üzərimə atdı və atamın ona irad bildirdiyinə görə söyüş söydü. Ona çayxananın arxa hissəsinə keçməyi təklif etdim. Çayxananın arxa tərəfində heç kim olmayan vaxt Toğrulu vurdum və qarşılıqlı olaraq dalaşdıq. Mən daha sonra evə gəldim. Saat 20.00-da Toğrul zəng edərək səhv etdiyini, əməlindən peşman olduğunu, barışmaq üçün yenidən söhbət etmək istədiyini dedi.

Məktəbin qarşısında onunla yenidən görüşdüm. Maşına oturub Xanərəb kəndinə doğru gedəndə yoldan keçən kənd sakini Telmanın oğlu Babək bizi gördü. Babək Toğrula irad bildirərək maşını sürətlə sürərək toz-duman etdiyini dedi.

Toğrul oturduğu oturacağın altından bıçaq götürdü və Babəkin üzərinə hücum etdi. Mən dərhal maşından yerə düşdüm və əlindən bıçağı alıb, cibimə qoydum. Maşına əyləşib yenidən hərəkət edəndə maşın birdə çökəyə düşdü və dayandı”.

Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt saat təxminən 20.30 radələri olub: “Maşın çökəyə düşəndə ətrafda Mərdan, Sarvan və Azər dayanmışdı. Onların köməyi ilə maşını çökəkdən çıxardıq. Daha sonra Azər getdi və bizim yanımıza Ruslan gəldi.

Ruslan Toğrulun sərxoş olduğunu gördü, maşının açarını ondan alanda mən də Toğrula məxsus olan bıçağı cibimdən çıxarıb Ruslana verdim. Ruslan isə həmin bıçağı götürərək kolluğa atdı. Ruslan, Toğrul və mən kənddə olan artezian quyusuna tərəf getdik.

Təxminən 150 metr getdikdən sonra arteziann quyusuna yaxınlaşdıq.Toğrul əynindən köynəyini çıxardı və kənara kolluğa tərəf atdı, mənimlə dava etmək istədiyini dedi. Həmin vaxt artezian quyusunun yanında bizdən başqa heç kim olmayıb. Mənə əl qol atsa da, Toğrulu yerə yıxdım, yumruqla qarın hissəsindən vurdum, onu zərərsizləşdirdim. Ruslan, Sarvan və Pərviz səsə ora gəldilər. Onlar Toğrulu aralaşdıraraq apasalar da, Toğrul yenidən söyüş söydü.

Üzümü çevirib kənd yolu ilə getməyinə davam etdim. Təxminən bir neçə dəqiqə sonra Toğrul qaçaraq arxamcla gəldi və yenidən söyüş söydü. Qarşıma keçərək qayçı ilə məni vurmaq istəyəndə ona imkan vermədim və özümü müdafiə edərək qayçını Toğruldan aldım. Əsəbi halda Toğrulla mübahisə etməyə davam etdim və mənə məlum olmayan şəraitdə qayçı Toğrun ürək nahiyəsinə girdi. Hesab edirəm ki, qayçı ehtiyatsızlıqdan onun ürək nahiyəsinə batdı”.

Rəşad qeyd edib ki, onun Toğrulu öldürmək fikri olmayıb: “Dava vaxtı Toğrulu öldürmək istəmədim. Ancaq həmin vaxt həyəcanlı olduğumdan qayçının sol döş qəfəsi nahiyəsindən girərək ciyərini dağıdacağını və ürəyini yaralayacağını düşünmədim.

Daha sonra Toğrul əyildi, əlini yara olan hissəyə tutaraq Sarvangil tərəfə qaçdı. Yerə düşən qayçını götürdüm və mən də evimizə tərəf qaçdım. Həmin vaxt Sarvangilin ona kömək edəcəyini düşündüm. Həm də qorxduğum üçün evə getdim.

Evdə palltarlarımı dəyişdim, atama Toğrulu söyüş söydüyü qayçı ilə vurduğumu dedim. Hadisədən az müddət sonra polis əməkdaşı Elgiz mənə zəng edərək görüşmək istədiyini bildirdi. Elgizə hazırda evdə olduğumu, paltarımı dəyişərək təslim olmağa gəldiyimi dedim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.


Müəllif: Hacı Zeynalov