27 Yanvar 2023 14:24
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda tanışını öldürməyə cəhd edən Tərlan Qafarovun barəsində olan istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il oktyabrın 14-də, saat 03 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Vüsalə Əliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsalə Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Tərlan Qafarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amanszılıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov