Qanunsuz silahlı birləşmələrin tərkibində vuruşan Azərbaycan vətəndaşı Akif Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Akif Osmanov 2013-cü ildə iki nəfər tanışı - Elşad Cəfərov və Cavid Ağcəbəyovla birgə Gəncə hava limanından Türkiyəyə, oradan isə Suriyaya gedib.
Suriyanın Artma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəyib, radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak edib. Qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşulub, yaralanıb (qəlpə yarası alıb).
Təqsirləndirilən Akif Osmanov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O bildirib ki, Suriyada altı ay qalıb, aktiv döyüşlərdə iştirak etməyi, yalnız idman təlimlərinə qatılıb: ”Mən yalnız növbətçilik etmişəm. Silahı bizə iki-üç gündən bir növbəyə gedəndə verirdilər. Silahlı əməliyyatlarda iştirak etməmişəm”.
Akif Osmanovun sözlərin görə, "Şeyx Şamil” qəsəbəsində mühasirəyə düşənlərə yardım etməyə gedərkən yaralanıb, uzun müddət müalicə olunub: "Minaya düşdüm, yaralandım, müalicə olundum. Türkiyəyə qayıdıb uzun müddət İstanbulda yaşadım. Lakin Türkiyədə İŞİD terror qruplaşmasının üzvü kimi həbs edildim. 2017-ci ildə məhkəmə oldu, cəza aldım, sonradan 2021-ci ilin oktyabrında terror qruplaşmasının üzvü olmaqla bağlı cinayət işi üzrə bəraət verildi. 2022-ci ilin aprelində Türkiyədən deportasiya olundum”.
Növbəti prosesi fevralın 7-də davam edəcək.
Qeyd edək ki, beynəlxalq terrorçuluqla mübarizə istiqamətində keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə bu ölkə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilən, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş 45 yaşlı Azərbaycan vətəndaşı Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.
Başlanılmış cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriyanın Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.
Akif Osmanova Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə ittiham verilib.