Ağdam rayonunda Vətən müharibəsi iştirakçısını bıçaqlamaqda ittiham olunan Ələkbər Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə Ağdam rayonunun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Hökmdar Daşdəmirov bacısının ayrıldığı nişanlısı Ələkbər Ələkbərov tərəfindən bıçaqlanıb.
Vətən müharibəsi iştirakçısı Hökmdar Daşdəmirovla Əli Ələkbərov arasında münaqişə yaşanıb. Bununla əlaqədar tərəflərdən biri Ağdam rayon polis şöbəsinə şikayət edib.
Araşdırma məqsədilə ötən ilin iyulun 7-də onlar polis şöbəsinə dəvət olunarkən Əli Ələkbərovun qardaşı Ələkbər üzərində gəzdirdiyi bıçaqla Hökmdar Daşdəmirovu vuraraq ona xəsarət yetirib.
Ələkbər Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən Ələkbər Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.