Bakının Nəsimi rayonunda polis əməkdaşına xəsarət yetirən şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev müəyyən olunaraq tutulub.
O, dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektorunun qanunu tələbinə tabe olmayıb. Rəşad Səfərəliyev sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib və naməlum istiqamətə qaçıb.
Onun barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov