“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin hüquqi varisi qismində Nurani Qalabəylinin atası tanınıb.
Lakin o, məhkəmə prosesində iştirak etməyib. Məhkəmə hökm çıxaranda zərərçəkmişin hüquqi varisinin şikayətçi olub-olmaması əhəmiyyət daşıyır. Həmçinin onun ifadəsi cinayət işi üzrə ən vacib ifadələrdən biridir.
Bu səbəbdən bir neçə dəfə zərərçəkmişin hüquqi varisinə məhkəmə çağırışı göndərilib, həm də telefonla zəng edilib. Hüquqi varis telefon zənginə cavabında məhkəməyə gəlməyəcəyini, gəlinindən də şikayət və tələbinin olmadığını deyib.
Qeyd edək ki, zərərçəkmiş şəxsin atası ibtidai istintaq dövründə də ərizə verib. O, şikayət və tələbinin olmadığını qeyd edib.
Amma o, məhkəməyə hələlik belə bir ərizəsini göndərməyib. Buna görə də məhkəmə onu israrla ifadə verməsi üçün məhkəməyə çağırır.
Sonuncu məhkəmə iclasına da hüquqi varis gəlməyib. Bu səbəbdən hakimlər ona növbəti dəfə məhkəmə bildirişi göndərmək qərarına gəliblər.
Bundan başqa, Əfsanə Qalabəylinin müdafiəsinə daha bir vəkil – Zibeydə Sadıqova da qoşulub. Zibeydə Sadıqova cinayət işinin materiallarıyla tanış olmaq üçün vaxt istəyib. Məhkəmə ona bir həftə vaxt verib.
İttihama görə, ötən il sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işinin materiallarına əsasən, 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib.
İstintaq sənədlərinə görə, Nurani Qalabəyli Əfsanə ilə birgə yaşadığı evə başqa-başqa qadınlar gətirib. Onlarla arvadının yanında intim əlaqədə olub. Hətta Əfsanəni onlara qulluq göstərməyə də məcbur edib.
Xatırladaq ki, cinayət işi üzrə ifadə verən həmin qadınlardan biri Fidan (ad şərti verilib – red.) bildirib ki, Nuraninin hədə-qorxusu ilə həmin evə gedib və onun arvadı evdə olduğu halda cinsi əlaqəyə girib. O, həmçinin deyib ki, Nurani arvadının belə hərəkətlərinə etiraz etmədiyini söyləyib. Fidan həmçinin özünün də ailəli olduğunu bildirib.
Əfsanə Qalabəyli məhkəmədə verdiyi ifadəsində bildirib ki, əri illərdir ona əziyyət verib, döyür, təhqir edir, özü və uşaqları evdə ola-ola münasibətdə olduğu qadınları gətirirdi.
Təqsirləndirilən şəxsin sözlərinə görə, onu və uşaqlarını bir otağa salıb bağlayır, digər otaqda gətirdiyi qadınla intim əlaqədə olub.
Əfsanə Qalabəyli deyib ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Bu isə dava-dalaşla nəticələnib.
İstintaq orqanı tərəfindən Əfsanə Qalabəylinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilib.
Bu maddədə 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.