Bakının Suraxanı rayonunda bir neçə ay əvvəl baş verən bıçaqlanma olayının iştirakçısı həbs edilib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, qanlı olay hadisəsi rayonun Hövsan qəsəbəsində qeydə alınıb. Hövsan qəsəbəsində baş verən hadisədə 1987-ci il təvəllüdlü Bilal Rzayev naməlum şəraitdə bıçaq xəsarətləri yetirilib. Yaralı ağır vəziyyətdə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə baş verən vaxtı Bilal Rzayevin vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb. Bu səbəbdən də cinayətin kim tərəfindən törədilməsini müəyyən etmək bir neçə ay mümkün olmayıb.
Xəstəxanada müayinə olunan Bilal Rzayev özünə gələndən sonra qanlı olayın kim tərəfindən törədilməsini polis əməkdaşlarına deyib. Cinayətin Bakı şəhər sakini Ruslan Babayev tərəfindən törədilməsi müəyyən edilib.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Babayev tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov