Azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət verilib.
Vəkil Abusəməd Səmədov bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu cinayət işini obyektiv, hərtərəfli araşdırmayıb. Vəkil deyib ki, Səbuhi Hüseynov iştirak etmədiyi ekspedisiyaya görə pul almaqda, həyat yoldaşı isə bu işə görə ona pul ayrılmasına yardım etməkdə ittiham olunur.
Vəkilin sözlərinə görə, Səbuhi Hüseynovun əlində həmin ekspedisiyalarda iştirak etməsi, üzərinə düşən işləri görməsini təsdiqləyən sənədlər, fotolar var, amma istintaq bunların heç birini araşdırmayıb.
Vəkil qeyd edib ki, tarixçi alim və həyat yoldaşı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundakı korrupsiyanı, özbaşınalıqları dilə gətirdiklərinə, bütün bunlardan açıq şəkildə şikayətçi olduqlarına görə institutun direktorunun hədəfinə çevriliblər.
Vəkilin bildirdiyinə görə, institutun direktoru Maisə Rəhimova ciddi nöqsanlara görə 2021-ci ilin oktyabrında vəzifəsindən azad edilib: “O, əvvəldən də Gülüstan İsayevanı hədələyib ki, əgər şikayətlərini dayandırmasa, onlar üçün yaxşı nəticələnməyəcək. Ondan sonra da əlaltıları bu işləri davam etdirib. Təsəvvür edin, Maisə Rəhimova dekabrda istintaqa ifadəsində yazır ki, guya Gülüstan İsayevanın təzyiqilə qanunsuz əmrləri imzalayıb. Bu absurda kim inanar? Direktora işçi necə qanunsuz əmr imzalatdıra bilər? Guya Gülüstan İsayeva ona Səbuhi Hüseynov haqqında ekspedisiya əmrlərini imzalatdırıb. Bəs niyə istintaq araşdırma aparmayıb ki, Gülüstan İsayeva hansı formada ona təzyiq göstərib, direktoru necə məcbur edib?”.
Səbuhi Hüseynov bildirib ki, Qarabağ ərazisində tədqiqat aparmağa xüsusi icazə ilə gedib və postlardan keçib. Onun sözlərinə görə, bunu araşdırmaq asan məsələdir, bütün bunlar ekspedisiyalarda iştirak etməsi haqda ittihamların yalan olduğunu sübut edir.
Məhkəmə bu işin istintaqa qaytarılması haqda vəsatəti təmin etməyib. Hakim bildirib ki, müdafiə tərəfinin göstərdiyi məsələlər məhkəmə prosesinin gedişində araşdırılacaq.
İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min manatını mənimsəməkdə təqsirləndirilir.
Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya, Etnoqrasiya və Antropoligiya İnstitutu tanınıb.