Daxili İşlər Nazirliyi həftə sonu ölümlə nəticələnən yol nəqliyyat hadisələri ilə bağlı rəsmi məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisələrdən biri Bakının Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Abdulməmməd Abdullayevin idarə etdiyi “Mitsubishi” və Samir Cabbarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş S.Cabbarov orada ölüb.
Daha bir yol qəzası Salyan rayonunun Sarvan kəndində qeydə alınıb. Neftçala rayon sakini Ramil Əhədovun idarə etdiyi “VAZ-21154” və Bakı şəhər sakini Niyaməddin Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. R.Əhədov xəstəxanaya aparılarkən yolda ölüb.
Kürdəmir rayonunun Karrar kəndində də ölümlə nəticələnən yol qəzası baş verib. Rayon sakini Fikrət Məmmədovun idarə etdiyi “VAZ-2106” və Bərdə rayon sakini Kazım Rəhimovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. F.Məmmədov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Şəmkir rayonunun Təzəkənd kəndində kənd sakini Xəyal Babayev idarə etdiyi “AUDİ” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişini İxtiyar Bağırov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Cəlilabad şəhərində də baş verən qəza ölümsüz ötüşməyib. Şəhər sakini Mansur Rzayevin idarə etdiyi “VAZ-21154” və Masallı rayon sakini Sadiq Abdullayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.
M.Razayevin sərnişini Emin Ağayev hadisə yerində ölüb, özü və S.Abdullayevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov