Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1991-ci il təvəllüdlü Səfər Teymurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu il avqustun 13-də Xaçmaz rayonun Qaraqutdu kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Məzahir Əliməmmədov bıçaqlanaraq öldürülüb. Qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayonu Çığatay kənd sakini, 1991-ci il təvəllüdlü Səfər Teymurov həbs edilib.
O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Səfər Teymurov bildirib ki, mərhumla şəxsi münasibətlər zəminində mübahisəsi baş verib. Onun ifadəsinə görə, mübahisə nəticəsində qanlı cinayət hadisəsi baş verib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Səfər Teymurov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov