27 Mart 2023 11:50
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesə Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva gəlməyib.

Qeyd edək ki, bundan əvvəlki proseslərdə məhkəmə Nurlana Əliyevanın məcburi qaydada gətirilməsi barədə qərar qəbul edib. Bununla da Nurlana Əliyeva ikinci dəfədir məhkəməyə gəlməyib.

İclasda iş üzrə bir nəfər Dürdanə Əliyeva qarşı mülki iddia qaldırıb və onlar mülki iddaçı qismində tanınıblar.

İddia üzrə cavabdeh Dürdanə Əliyevanın olması barədə qərar qəbul edilib. Daha sonra cinayət işində olan bir neçə sənəd elan olunub. Dürdanə Əliyevanın müvafiq qrumlara etdiyi müraciətlər oxunub.

Növbəti proses aprelin 3-də davam edəcək.

İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Bakı Slavyan Universiteti tanınıb.


Müəllif: Hacı Zeynalov