30 Mart 2023 13:37
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın sədrliyi ilə sabiq deputat Qalib Salahzadənin qohumlarının iddiası üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, iddiaçı Əminağa Camalovun verdiyi məlumata görə, onlar Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1,2 və 3 ünvanlarında olan ərazidəki torpaq sahəsinin və onun üzərində tikilən evlərin sabiq parlament sədri Rəsul Quliyevin yaxın adamı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğludan alınaraq sahiblərinə qaytarılmasını tələb ediblər.

Məhkəmə iddianı təmin etməyib.

Əminağa Camalov qeyd edib ki, sözügedən bağda 8 ev var: “Biz həmin evlərdə daimi yaşamaq hüququ olmaqla qeydiyyatdayıq. 1990-cı ilərin əvvəllərində tikilmiş evlərdir. Uzun müddət biz burada yaşamışıq. Təəssüf olsun ki, hakim məhkəmədə evlərin tikintisində iştirak edən ustaların, mütəxəssislərin və digər şahidlərin prosesdə iştiraklarını və ifadə vermələrini təmin etmədi. Qərardan belə anlaşılır ki, bizim o ərazidə heç bir evimiz olmayıb. Təbii ki, biz bu qərardan narazıyıq və yuxarı instansiyaya şikayət edəcəyik”.

İddiaçı həmçinin bildirib ki, Ağasif Şakiroğlu hansısa ünvana aid olan torpağa dair çıxarışı əlində bayraq tutaraq onların bağ evlərinə sahiblənib: “Onun əlindəki çıxarış tamam başqa ünvana aiddir. Bizim tələbimiz odur ki, Ağasif Şakiroğlunun çıxarışının ünvanı dəqiqləşdirilsin və bizim evləri tərk eləsin”.

Qeyd edək ki, söhbət təxminən 25 milyon manat dəyəri olan torpaq sahəsi və onun üzərindəki tikililərdən gedir. Ağasif Şakiroğlu mətbuata açıqlamasında bildirib ki, bağ evlərini ona Rəsul Quliyev bağışlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər