30 Mart 2023 14:30
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti Aysel Cavadova məhkəmədə dindirilib.

Qeyd edək ki, Aysel Cavadovanın imzaladığı rəydə yanğın yerindən tapılan materialların 2020-ci il yanvarın 17-dən fevralın 17-nə qədər tədqiq edilmək üçün onda olduğu yazılıb.

İlkin Süleymanovun vəkilləri Aysel Cavadovaya cinayət işində olan Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzinin rəyini göstərib. Həmin rəydən görünür ki, sözügedən materiallar tədqiqat üçün 13 yanvar 2020-ci ildən 21 fevral 2020-ci ildə qədər həmin qurumda olub.

Vəkillərin sözlərinə görə, Səhiyyə Nazirliyinin ekspertləri göstərir ki, yanvarın 13-dən o materiallar onlarda olub, yanvarın 24-nə qədər tədqiqat aparıblar, fevralın 21-nə qədər rəy hazırlayıblar, sonra isə prokurorluğa təhvil veriblər. Vəkillər Aysel Cavadovadan soruşublar ki, belə olan halda, həmin materiallar yanvarın 17-də sizdə necə ola bilərdi?

Aysel Cavadova israrla deyib ki, materiallar özündə olub və onların üzərində tədqiqat aparıb.

Vəkillər bildirib ki, ekspertlərdən birinin yalan danışdığı, ekspert rəyinin saxta olduğu aşkardır. Ona görə digər ekspert də dindirilməli, rəy sübutlar siyahısından çıxarılmalıdır.

Aysel Cavadova dindirilərkən o da məlum olub ki, yanğın yerindən tapılmayan, hadisə yerinin müayinə protokolunda əksini tapmayan materiallarla bağlı rəy verib.

Məsələn, o, meyitin əynində cins şalvarın olduğunu göstərir. Rəy verilib ki, şalvarın da üstündən İlkin Süleymanovun gödəkçəsinin lifi tapılıb.

Hadisə yerindən isə nə cins şalvar, nə də onun qalığının tapılması haqda heç bir fakt yoxdur.

Aysel Cavadovanın rəy verdiyi və mübahisə doğuran başqa bir məsələ üzərində qan ləkəsi olan qırmızı rəngli əski parçasıyla bağlıdır. Hadisə yerindən belə bir parçanın tapılması haqda da sübut yoxdur.

Sonradan İlkin Süleymanovların evində axtarış zamanı qırmızı yorğan üzlüyü götürülüb. Aysel Cavadova rəy verib ki, paltarlar arasından tapılan əski parçasıyla Süleymanovların evindən götürülən yorğan üzlüyü eyni parçadandır.

Vəkillər Aysel Cavadovadan soruşub ki, necə olub, hadisə yerindən tapılmayan materiallar ekspertizaya gəlib?

Müdafiəçilər bildirib ki, əgər həmin predmetlər hadisə yerində olsaydılar, müstəntiq onları görərdi, mütləq protokollaşdırardı.

Aysel Cavadova isə bildirib ki, o, 5 nömrəli bağlamanı açıb və həmin parçanı oradan tapıb.

Vəkillər onun nəzərinə catdırıb ki, 5 nömrə ilə nömrələnmiş həmin kisənin açıq formalı şəkli cinayət işində var və onun içində heç nə olmadığı görünür.

Müdafiəçilər əlavə edib ki, Aysel Cavadova ilə yanaşı, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində Zemfira adlı ekspert də həmin bağlamada tədqiqat aparıb. Əgər orada əlavə predmetlər olsaydı, o da öz rəyində göstərərdi: “Həmin kisəyə Zemfira xanım da baxıb, yanmış kisə qalıqları və qara parçadan başqa heç nə tapmayıb. Necə olur ki, siz isə oradan hadisə yerində olmayan 5 əlavə material tapırsınız?”

Aysel Cavadova qeyd edib ki, cins şalvar qalığını da, qırmızı parçanı da kisənin içindən tapıb. O əlavə edib ki, ola bilsin, müstəntiq də, ekspert həmkarı da onları kisədə görməyib.

Vəkillər bildirib ki, İlkin Süleymanovun əleyhinə saxta sübutlar yaratmaq üçün həmin materiallar sonradan əlavə olunub. Onların sözlərinə görə, əgər əvvəldən olsaydı, hadisə yerinin müayinə protokolunda əksini tapardı.

Hadisə yerindən tapılan materiallar da, maddi sübutlar da məhkəmə zalına gətirilib. Vəkillər maddi sübutların saxlanma qaydası ilə bağlı qanunveriliyin tələblərinə əməl olunub-olunmamasına baxanda məlum olub ki, bağlamaların ağzı açıqdır, onlar möhürlənməyib.

Vəkillər etiraz ediblər və bildiriblər ki, bu faktın özü materiallara müdaxilə edildiyini göstərir: “Qanun maddi sübutların saxlanma qaydasını müəyyənləşdirib. Bu nədir? Hardadır bu bağlamaların möhürü? Deməli, bu sübutların başına kim nə oyun istəyib, açıb”.

Müdafiə tərəfi Süleymanovların evindən tapılan qırmızı yorğan üzlüyü ilə Aysel Cavadovanın rəy verdiyi əski parçası arasında müqayisə aparmaq istəyib. Bağlamalar arasından həmin yorğan üzlüyü çıxarılanda məlum olub ki, onun bir hissəsi kəsilib: “Baxın, yandırılmış əski parçasına uyğun ölçüdə kəsilib. Niyə? Bu da düşünməyə əsas verir ki, kəsilib, yandırılıb, sonradan əlavə olunub. O əski parçası əvvəldən var idisə, niyə hadisə yerindən tapılmamışdı? Yorğan üzü götürüləndə onun ölçüsü, forması, hər şey protokollaşdırılmalıdır. Niyə olunmayıb? Maddi sübuta toxunmağa, onu kəsməyə kimin nə ixtiyarı var?”.

Cinayət işinin materiallarında iddia olunur ki, İlkin Süleymanov azyaşlının başına daşla vurmaqla onu qətlə yetirib. Başına isə qan axdığına görə qırmızı əski parçası qoyub.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər