Bakının Xəzər rayonunda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Mehman Mansurovun 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Proses aprelin 10-da davam edəcək.
İttihama görə, ötən ilin yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Məlum olub ki, 1990-cı il təvəllüdlü Mehman Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb.
Uşağın öldüyünü görən Mehman Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.
İstintaq orqanı tərəfindən Mehman Mansurovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri ittiham elan edilib.
Qeyd edək ki, bu iş üzrə Məryəm Hüseynlinin atası Taleh Allahyarov da həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.
Qeyd edək ki, Taleh Allahyarov hadisədən əvvəl ATV-nin “Bizimləsən” proqramında iştirak edib. Veriliş zamanı Taleh Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb.
Görüntülərdə Taleh Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.
Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək Taleh Allahyarovu saxlayıblar.
Onu da qeyd edək ki, Taleh Allahyarovun arvadı ondan boşanmaq üçün azyaşlı uşağını da ataraq evdən gedib. Taleh arvadı ilə barışmaq üçün azyaşlı uşaqla şantaj edib.