Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Etibar İsgəndərov ifadə verib.
Teleqraf.com xəbər verir ki, hüquqi varis Etibar İsgəndərovun sözlərinə görə, Rəşad Dağlı ilə qohum deyillər, onunla dostluq münasibətləri olub. Qeyd edib ki, Rəşad Dağlı ilə düşmənçilikləri də olmayıb.
Prokuror Orxan Səmədovun suallarını cavablandıran hüquqi varis deyib ki, qardaşı ilə eyni evdə yaşayıb: "Qardaşım həbsdən təzə çıxmışdı. Heç bir yerdə işləmirdi. Amma xəstəliyi ilə bağlı pensiya alırdı. Hadisə günü qardaşımı görmüşəm. Bilsəydim belə hadisə olacaq evdən getməsinə imkan verməzdim.
Qardaşım Rəşad Dağlıya, Rəşad Dağlı da ona zəng edib. Nəsə söhbət var idi, gedib onu həll edəcəkdilər. Söhbətin nədən ibarət olduğunu bilməmişəm. Qardaşım dedi ki, söz-söhbət var, onu həll edəcəklər. Amma söhbətin kiminlə və nə ilə bağlı olmasından xəbərsizdim. Kiminlə danışaçaqdılar, kiminlə görüşücəkdilər, onu da bilməmişəm".
Hakim deyib ki, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmədəki ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətlər var. Hakim Etibar İsgəndərovun ibtidai istintaqa verdiyi ifadəni elan edib.
Hüquqi varis ibtidai istintaqa deyib: "İsgəndər həbsdən təzə çıxmışdı. Çıxandan 1-2 gün sonra Rəşadı axtarmağa başladı, amma tapa bilmədi. Sonradan bildim ki, Rəşadın nömrəsini tapıb zəng vurub. Noyabrın 8-dən 9-a keçən gecə saat 4 radələrində İskəndər dedi ki, Rəşad bizə gələcək, evdə oturacaqlar. Hətta çay da qoydu. Az sonra Rəşad İsgəndərə zəng elədi. Telefon danışıqlarından başa düşdüm ki, birlikdə harasa gedəcəklər.
Telefonu söndürəndən sonra İsgəndər aqressivləşdi. Ondan nə baş verdiyini soruşanda dedi ki, Rəşad barədə xoşagəlməz söhbət var, onlar bir yerdə söhbətə gedəcəklər. Soruşdum ki, nə məsələdir, dedi, üzdəniraq söhbətidir və bu söhbəti edənlərin üstünə gedirlər. Sonra isə dedi ki, Rəşad çaşsa, onu vuracam.
Mən İsgəndərlə Rəşadın münasibətinin yaxşı olduğunu bildiyim üçün onun Dağlını vurmaq barədə dediklərini ciddiyə almadım”.
***
16:53
Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib.
İttihama münasibət bildirən Rəşad Dağlı özünü qismən təqsirli bilib.
Soyuq silah gəzdirməkdə özünü təqsirli bilməyən Rəşad Dağlı deyib ki, şahidlərin dindirilməsi başa çatdıqdan sonra sərbəst ifadə verəcək.
Hakimlər isə prosesin zərərçəkmiş şəxsin hüquqi varisinin dindirilməsi ilə davam etdirilməsi qərarını açıqlayıblar.
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Etibar Mehdiyev də iştirak edib. O, təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını deyib.
İttihama görə, ötən ilin noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İsgəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.
Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər.
Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.