4 Yanvar 2015 16:49
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda 2 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə yanvarın 4-də Ələt-Astara magistralının 116-cı kilometrliyində, yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 40 yaşlı Ziya Mahmudovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbədən iki yerə bölünən nəqliyyat vasitəsinin bir hissəsi təxminən 20 metr kənara düşüb. Hadisə zamanı sürücü və hələlik adı məlum olmayan azyaşlı uşaq hadisə yerindəcə dünyasını dəyişib.

Maşındakı digər iki sərnişin - Masallı rayon sakinləri, 11 yaşlı Nihad Əkbərov və 44 yaşlı Şahin Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili yardım maşını gəlib. Xilasedicilər tərəfindən maşında sıxılıb qalmış meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Burada onlara müvafiq tibbi yardım göstərilib. Nihad Əkbərovun vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

İlkin versiya kimi, qəzanın avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. /APA/


Müəllif: