17 May 2023 14:01
4 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Toğrul cinsi əlaqədə olduğu 1990-cı il təvəllüdlü Əslini (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Toğrul 31 may 2021-ci ildə, gecə saat 00.30-da yüngül həyat tərzi keçirən tanışı Əslinin kirayədə yaşadığı Bakıxanov qəsəbəsindəki evinə gəlib.

Toğrul aralarında olan səmimi münasibərdən istifadə edərək, Əslinin döşəyinin altından avtomobil almaq üçün yığdığı 14700 manat məbləğində pulu göstərüb.

Daha sonra o, Əslinin öldürmək qərarına gəlib. Səhər saat 09.30-da çarpayının üzərində uzandıqları vaxt gözləmədiyi anda qəfildən Əslinin üzərinə çıxıb və əlləri ilə boyunundan tutaraq boğmağa başlayıb. Sonra çarpayının kənarındakı sərinkeşin naqilini Əslinin boynuna dolayıb və boğaraq öldürüb.

“Şəklini görərək bəyəndim”

İstintaq orqanı tərəfindən Toğrulun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, tutulmamışdan təxminən 5 ay əvvəl sonradan adının Əsli olduğunu bildiyi Səkinə ləqəbli qadınla tanış olub: “Əslinin “İnstagram” hesabı həmin sosial şəbəkədə axtarış verən zaman qarşıma çıxdı. Onun profil şəklini görərək bəyəndim”.

“Elə vaxtlar olub ki, pul istəməyib”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Əsliyə “İnstagram”da yazıb: “Əsli pulla görüşdüyünü dedi. Mən də görüşmək istədiyimi bildirdim. Məni Bakıxanov qəsəbəsindəki evinə çağırdı. Onun evinə getdim və cinsi əlaqədə olduq.

Sonra Əsliyə telefon nömrəmi verdim. Biz tez-tez telefonla danışır, onun evində görüşürdük. Hər dəfə Əsliyə minimum 70 manat, maksimum isə 100 manat məbləğində pul verirdim.

Tanış olduqdan sonra Əsli ilə tez-tez danışırdım. Elə vaxtlar olurdu, cinsi əlaqədən sonra məndən pul istəmirdi. Əslinin hadisədən təxminən 1 ay öncə görmüşdüm. Yenə cinsi əlaqədə olmaq üçün yaşadığı evə getdim”.

“Mənə pulunu göstərdi”

Toğrul deyib ki, mayın 30-da vatsapla Əsliyə zəng edib və yenə görüşmək istədiyini bildirib: “Məndən nə vaxt gələcəyimi soruşdu. Gecə saat 12-dən sonra gələcəyimi dedim. Mayın 31-də saat 00.30-da Əslinin evinə getdim. Əvvəlcə mağazaya girdim və 2 “Xırdalan” pivəsi, 1 qutu “Sobranie” siqareti aldım. Sonra Əslinin yaşadığı evə qalxdım. Qapını özü açdı, evdə tək idi.

Biz divanda əyləşdik. Əsli aldığım pivədən birini içdi. Pivəni içə-içə yatağının ayaq tərəfinə, pəncərəyə yaxın yerə getdi. Döşəyi qaldıraraq orada mənə pulunu göstərdi. Həmin pulla özünə maşın və sürücülük vəsiqəsi alacağını bildirdi. Nə qədər pulu olduğunu demədi. Mən də bu barədə ondan soruşmadım”.

Toğrulun sözlərinə görə, bundan sonra onlar yataqda 1 dəfə cinsi əlaqədə olub və hamamda duş qəbul ediblər: “Hamamdan birinci Əsli, sonra mən çıxdım. Bu zaman onun kiminləsə mobil telefonla danışdığını gördüm. Yuxulu olduğum üçün nə danışdığına fikir vermədim və yatağa uzanaraq yatdım”.

“Bacısı ilə danışdığını bildim”

Təqsirləndirilən şəxs bildirib ki, həmin gün, səhər 09.15-də oyanıb və Əslinin telefonla danışdığını görüb: “Həmin vaxt Əsli də, mən də paltarsız olmuşuq. Oyandıqdan sonra Əslini öldürüb, yatağın altında saxladığı pulları götürərək oradan getmək qərarına gəldim.

Əsli telefonda “bacı, sənə taksi ilə ərzaq göndərəcəm, taksiyə deyəcəm, Ucara, sizə gətirsin” dedi. Onun bacısı ilə danışdığını bildim. Danışıqdan bacısının ərinin kovid xəstəsi olduğunu da öyrəndim. Bu söhbətdən təxminən 4-5 dəqiqə keçdi. Əsli yatağın taxtına söykənərək danışırdı”.

“Öldüyünü anladım”

Toğrulun ifadəsinə görə, qəflətən Əslinin üstünə atılıb və hər iki əli ilə onu boğmağa başlayıb: “Əlindəki telefon bilmədiyim istiqamətə düşdü. Amma müqavimət göstərməyə başladı. Hər ikimiz sürüşərək yataqdan yerə düşdük.

Əsli dizləri üstə döşəməyə yıxıldı. Mən də yanına yıxıldım. Yıxılarkən onun boğazından tutaraq boğmağa davam etdim. O, sol əli ilə yataq otağının yanında yerdə olan mətbəx bıçağını götürdü. Mən əlindən dişlədim və bıçaq yerə düşdü.

Əsli döşəmədə dizləri üstə arxaya doğru əyildi. Həmin vəziyyətdə mənə müqavimət göstərərək sağ qoluma, burnuma dırnağı ilə xəsarət yetirdi. Yanmızda olan ventilyator alnıma dəydi.

Ventilyatorun naqilinin yanımda olduğunu gördüm. Naqili götürüb Əslinin boğazına keçirdim, onu boğaraq öldürdüm”.

“Hamama keçərək qanı yudum”

Toğrul qeyd edib ki, bundan sonra döşəyin altından pulları götürüb: “Əsli həmin pulları rezinlə bağlayaraq bütov halda ora qoymuşdu.

Pulu götürdükdən sonra üstümdə qan izləri gördüm. Hamama keçib qanı yudum. Sonra əynimi geyindim. Otaqda olan paltar şkafındakı paltarları döşəməyə doğru dağıtdım ki, birdən orada da pul və ya qiymətli nəsə olar. Lakin başqa heç nə tapmadım. Götürdüyüm pulları qoymaq üçün qab axtardım. Göy rəngli qabı götürüb, pulları onun içinə qoydum.

Şkafın üzərindən Əslinin “İphone” markalı mobil telefonunu da götürdüm ki, mənimlə yazışmaları aşkar edilməsin”.

“Dedim ki, 1000 manat pul var, bir nəfər qıza apara bilərsən”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra evdən çıxarkən evin giriş qapısının üzərində açarlar olduğunu görüb:

“Açarla qapını çöl tərəfdən bağladım və evi tərk etdim. Binadan təxminən 300-400 metr “Arzu” restoranı tərəfə getdim. Əvəllər tanıdığım, yaxın münasibətdə olduğum Ləmana zəng elədim. Mənimlə birlikdə rayona gedə bilib-bilməyəcəyini soruşdum. Ləman etiraz etmədi.

Bir qədər piyada getdikdən sonra yolun kənarında dayanmış taksiyə oturdum. Sürücüdən “28 May”a, daha sonra "Montin"ə, “Araz” marketin yanına gedəcəyimi bildirdim. Sürücüdən soruşdum ki, 1000 manat pul var, bir nəfər qıza apara bilərsən? Sürücü apara biləcəyini dedi.

Əsliyə məxsus pulun üstündən 1000 manat sayaraq həmin sürücüyə verdim. Pulu verdikdən sonra sürücünün mobil nömrəsini soruşdum. Öz mobil telefonuma qeyd etdim”.

“Otelə getdim”

Toğrul deyib ki, bundan sonra Ləmanın vatsap hesabına taksi sürücüsünün nömrəsini göndərib: “Sürücünün ona 1000 manat gətirəcəyini dedim və rayona getmək üçün kirayə avtomobil götürməyi tapşırdım.

Sürücü avtomobillə məni Heydər Əliyev prospekti ilə üzü şəhər mərkəzi istiqamətində gətirdikdə tıxac başladı. Maşının ləng hərəkət etdiyini gördüm və maşından düşdüm. Piyada “28 may” metrosu tərəfə getdim. Yeraltı keçiddən özümə şalvar, ayaqqabı, köynək və idman geyimi aldım.

Bundan sonra taksi ilə “Lux Gallery” otelinə yollandım. Orada paltarlarımı dəyişdim. Pulu saydıqda 13500 manat olduğunu gördüm. Aldığım paltarlara ödədiyim və Ləmana göndərdiyim pulu da hesabladıqda Əslinin yatağının altından 14700 manat götürdüyümü bildim”.

“Kimisə öldürdüyümü demədim”

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə vaxtı əynində olan paltarları boş torbaya qoyub və təxminən saat 13 radələrində oteldən çıxıb: “Oteldən çıxdıqda Ləmana zəng etdim. O, “Koroğlu” metrosu tərəfdə olduğunu və kirayə avtomobil götürdüyünü bildirdi. Yolun kənarında xatırlamadığım zibil qutularından birinə torbadakı paltarları və Əslinin “İphone” markalı mobil telefonunu atdım.

Taksi ilə “Koroğlu” metrosu tərəfə getdim. Orada Ləmanın “Hyundai Elantra” markalı avtomobillə dayandığını gördüm. Avtomobilə əyləşdim, Ləman maşını Şamaxıya qədər idarə etdi. Ona kimisə öldürdüyümü bildirmədim”.

“Qızıl-zinət əşyaları aldım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Şamaxıda günü 200 manata “Göyqurşağı” otelində 1 gün qalıblar: “Növbəti gün İsmayıllı rayonuna getdik. Yola düşməzdən öncə Şamaxının mərkəzində “Univermaq” deyilən yerdə Ləmana 660 manatlıq qızıl-zinət əşyaları aldım.

İsmayıllı rayonunda isə “Zərgəran” İstirahət Mərkəzində kotecdə qaldıq. Bir gün qalıb növbəti gün Bakıya qayıtdıq. Ləmanın kirayə götürdüyü avtomobili Əhmədlidə “Lukoil” yanacaqdoldurma məntəqəsində adını bilmədiyim şirkətə təhvil verdik”.

“Törətdiyim cinayəti etiraf etdim”

Toğrulun bildirdiyinə görə, maşını təhvil verdiyi yerdə dayısı oğlu Valehə zəng edib: “Valeh məni həmin yerdən götürdü. “Neftçilər” metrosu tərəfdə telefon mağazalarından birindən işlənmiş “İphone X” markalı telefonu 500 manata aldım. Oradan çıxaraq “Həzi Aslanov” metrosu istiqamətə getdim. İki köynək də orda aldım.

Sonra Nizami rayonunda “Diqlas” ticarət mərkəzinin yanında yerləşən çayxanaya getdim. Orada polis əməkdaşları mənə yaxınlaşaraq polis bölməsinə dəvət etdilər. Törətdiyim cinayəti etiraf etdim”.

“Mənə hər hansı bir söz deməyib”

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan qardaşı Camalın sözlərinə görə, Əsli onun doğma bacısıdır: “Biz ailədə 4 uşaq olmuşuq. Təxminən 10 il öncə bacım Əsli Səid adlı şəxslə ailə qurdu. Onların 2 uşağı var.

Əsli Səidlə evləndiyi ilk gündən Bakı şəhərində kirayədə yaşayıb. Təxminən 3-4 il öncə onların ailə həyatı dağıldı, ayrıldılar. Əsli həmin vaxtdan Bakıda tək kirayədə yaşayaraq işləyib. Mənə dediyinə görə, saç salonunda işləyərək qazandığı pulla həyatını təmin edib. Bacımla ölümündən təxminən 1 həftə öncə mobil telefonla danışmışam. Əsli hər şeyin qaydasında olduğunu bildirdi.

Mayın 31-də, saat təxminən 10 radələrində digər bacım mobil telefonuma zəng etdi. O, Əsli ilə mobil telefonla danışan zaman qışqırıq səsi gəldiyini, Əsliyə nəsə olduğunu bildirdi.

Bacım mənəməlumat verdikdən dərhal sonra yaşadığım evə gəldim. Paltarlarımı dəyişdim və avtobusla Bakıya gəldim. Əslinin Bakıxanov qəsəbəsində kirayə yaşadığı evə qalxdıqda artıq polislərin mənzildə olduğunu, Əslinin öldürüldüyünü bildim.

Bacım Əslinin kiminləsə münaqişəsi və ya mübahisəsi olması barədə mənə hər hansı bir söz deməyib. Təqsirləndirilən Toğrulu tanımamışam, bacım da həmin şəxs barəsində mənə hər hansı bir söz deməyib”.

“Xəsarət olduğunu gördüm”

İş üzrə şahid qismində ifadə verən Ləman qeyd edib ki, son vaxtlara kimi Nizami küçəsində yerləşən “Night club” klubunda menecer işləyib:

“Toğrulu həmin klubdan tanımışam. Onunla hadisədən təxminən 2 həftə əvvəldən danışmağa başlamışıq. İlk dəfə “Armada” otelində, sonra isə “Eqoist Hotel”də cinsi əlaqədə olmuşuq.

Mayın 31-də, səhər 10 radələrində Toğrul zəng edərək taksi ilə 1000 manat pul göndərdiyini, gedib “Rent-a-car”dan maşın götürməyi tapşırdı. Özünün də gələcəyini və birlikdə Şamaxıya gedəcəyimizi dedi.

20 dəqiqə sonra bir kişi zəng edərək görüşmək istədiyini bildirdi. Onunla görüşdüm və Toğrulun göndərdiyi pulu həmin kişidən aldım. Bundan sonra Xətai rayonunda yerləşən "Rent-a-car”dan “Hyundai Elantra” avtomobili götürdüm və “Koroğlu” metrosunun yanına getdim.

Orada Toğrulu gözlədim. Yarım saat sonra Toğrul həmin yerə gəldi. Birlikdə maşınla Şamaxı rayonuna getdik. Toğrulun qolunda və alnında xəsarət olduğunu gördüm. Nə olduğunu soruşanda, hansısa bir oğlanla mübahisə etdiyini və həmin vaxt xəsarət aldığını bildirdi”.

“Bildim ki, hansısa qızı öldürüblər”

Ləman deyib ki, Şamaxıda koteclərdən birində bir gün qalıblar: “Toğrul zərgər dükanından mənə bir qolbağ və bir boyunbağı aldı. Daha sonra İsmayıllı rayonuna getdik, koteclərdən birində gecələdik. İyunun 2-də saat 12 radələrində Bakı şəhərinə gəldik.

Toğrulla birlikdə maşını götürdüyüm yerə getdik və maşını təhvil verdik. Oradan isə evə qayıtdım. “Neftçilər” metrosu tərəfdə paltar dükanına girdim. Ora gələn polis əməkdaşları məni saxladılar. 13-cü polis bölməsindəbildim ki, hansısa qızı öldürüblər, Toğrul həmin işlə bağlı axtarılır”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Toğrul 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdə qeyd olunub ki, Toğrul 14 min 700 manatın 8 min manatını xərcləyib. Hökmə görə, pul, həmçinin Toğrulun özü üçün aldığı telefon, Ləman üçün aldığı qızllar zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılıb.


Müəllif: Hacı Zeynalov